İki boksçumuz dünya kubokunun yarımfinalında- YENİLƏNİB
10.12.2008 - 21:32
İki boksçumuz dünya kubokunun yarımfinalında- YENİLƏNİB
Azərbaycan boks yığmasının Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya kubokunda startı uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışa qatılan təmsilçilərimizdən biri ilk döyüşdəcə mübarizəni dayandırıb.

54 kq çəki dərəcəsində döyüşən Rəhim Nəcəfov Vyaçeslav Qoyana ciddi müqavimət göstərə bilməyib. Görüş moldovalı boksçunun 15:7 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca “Meqasport” İdman Sarayının rinqinə çıxan Famil Süleymanov (60 kq) isə qələbə sevinci dadıb. İdmançımız gərgin mübarizədə Həmzə Kramunu (Əlcəzair) 18:15 hesabı ilə üstələyib. Yarımfinala adlamaqla özü üçün yarışın minimum bürünc medalını təmin edən Süleymanov bu mərhələdə Qinq Hu (Çin) ilə döyüşəcək.

Bu gün, həmçinin Azər Məmmədov (+91 kq) da qələbə qazanıb. O, nigeriyalı Onoriade Ohuarimeni döyüb - 11:3. Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı ikiyə çatıb.

Sabah Romal Amanovun (64 kq) kubalı Stolonqo İqlesias, Elçin Əlizadənin (91 kq) isə ukraynalı Aleksandr Usiklə görüşü planlaşdırılıb.
0