Hokkey üzrə dünya çempionatının ilk oyunu futbol meydanında keçiriləcək - FOTO
16.12.2008 - 10:58
Hokkey üzrə dünya çempionatının ilk oyunu futbol meydanında keçiriləcək - FOTO
Hokkey üzrə 2010-cu ilin dünya çempionatının ilk oyunu futbol meydanında keçiriləcək. Apasport.az saytının məlumatına görə, Almaniyada təşkil olunacaq birinciliyin açılış matçı mayın 7-də “Şalke-04” klubuna məxsus “Feltins” arenasında baş tutacaq.

İlk oyunun 75976 azarkeş tutumuna malik stadionda keçirilməsi Almaniya Hokkey Assosiasiyasının, dünya çempionatının Təşkilat Komitəsinin və “Şalke-04” rəsmilərinin birgə ideyasıdır. Artıq biletlər də satışa çıxarılıb. Stadion tam dolarsa, yeni dünya rekordu müəyyənləşəcək. Belə ki, indiyədək ən çox azarkeş (74554) Miçiqan ştatının universitet komandalarının oyununa təşrif buyurub.

Qeyd edək ki, hokkey meydançası stadionun mərkəzində quraşdırılacaq. Təşkilatçılar hələlik ilk oyunda hansı komandaların qarşılaşacaqlarını müəyyənləşdirməyiblər. Amma indidən bu kollektivlərdən birinin Almaniya olacağı şübhə doğurmur.
0