Ermənilər dünya çempionatının Bakıda keçirilməsinə mane olublar
18.12.2008 - 11:57
Ermənilər dünya çempionatının Bakıda keçirilməsinə mane olublar
“2009-cu ildə ölkəmizdə ağırlıqqaldırma üzrə nüfuzlu beynəlxalq turnir keçirmək istəyirik. Belə yarışın təşkili üçün bizdə lazımi şərait var”. Bu sözləri apasport.az saytına Azərbaycan gənclər və idman nazirinin müavini, Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov deyib.

İsmayılov vurğulayıb ki, beynəlxalq turnirin keçirilməsi ilə bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına müraciət ünvanlanacaq: “Tezliklə federasiyamızda konfrans olacaq. Bundan sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasında isə beynəlxalq yarışların təşkili məsələsi müzakirəyə çıxarılacaq. Əcnəbilərdə də bizim haqqımızda müsbət rəy formalaşıb. Hələ 2001-ci ildə Azərbaycan çempionatına qonaq qismində qatılan Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan burada gördüklərindən çox razı qalmışdı. O, paytaxtımızda dünya və Avropa birinciliyinin keçirilmək şansını yüksək qiymətləndirmişdi”.

Federasiyanın vitse-prezidenti indiyədək Azərbaycanda ağır atletika üzrə heç bir beynəlxalq turnirin baş tutmamasının da səbəblərini açıqlayıb: “2006-cı ildə dünya çempionatı Bakıda keçiriləcəkdi. Ancaq sonradan ermənilər müxtəlif yollarla yarışın təşkilat hüququnun bizdən alınmasına nail oldular. Buna baxmayaraq, ruhdan düşməmişik və böyük layihələri reallaşdırmağa kifayət qədər potensialımız var. Ola bilsin ki, 2010-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyimizi verdik”.
0