Nizami Paşayev: Olimpiadadan sonra şokda idim
19.12.2008 - 15:02
Nizami Paşayev: Olimpiadadan sonra şokda idim
Azərbaycan ağırlıqqaldırma yığmasının üzvü, ikiqat dünya çempionu Nizami Paşayevin apasport.az saytına eksklüziv müsahibəsi

- Başa çatmaqda olan 2008-ci il sizin üçün necə keçdi?
- Axırıncı dəfə beynəlxalq turnirdə 2006-cı ildə iştirak etmişdim. Bu ilin ən mötəbər yarışı olan Pekin Olimpiadasına çox yaxşı hazırlaşmışdım. Ancaq son 2 ildə beynəlxalq turnirlərdə qüvvəmi sınamadığımdan psixoloji cəhətdən geri qalırdım. Buna görə də yay olimpiya oyunlarında 5-ci yeri tutdum. Məncə, bu, pis nəticə deyil, amma bundan da yaxşı ola bilərdi.

- Pekin Olimpiadasından öncə qarşınıza hansı məqsəd qoymuşdunuz?
- Olimpiadadan əvvəl mənim üçün uğurlu oldu. Mayda Bakıda keçirilən “Federasiya kuboku”nda çıxış etdiyim 94 kq çəkidə birdənqaldırmada 189 kq-lıq göstərici ilə yeni dünya rekordu müəyyənləşdirdim. Düzdür, bu beynəlxalq səviyyədə qeydə alınmadı. Təkanla qaldırmada isə 215 kq-ın öhdəsindən gəldim. Ümumi 404 kq-lıq göstərici ilə “Federasiya kuboku”nun qalibi oldum. Bu nəticə olimpiadada 2-ci yeri tutmağa imkan verirdi. Mən Pekinə olimpiya çempionu titulunu qazanmaq üçün getmişdim. Çünki bütün medallardan varımdır. Yeniyetmələr arasında dünya və Avropa çempionu, gənclər arasında dünya çempionu, həmçinin böyüklər arasında dünya və Avropa çempionu olmuşam. Təkcə olimpiadanın qızıl medalı çatışmırdı. Lakin bu mükafatı qazana bilmədim. Görünür, qismət belə imiş.

- Olimpiadada fəxri kürsüyə yüksələ bilməməyiniz sırf psixoloji amillərlə bağlı idi, yoxsa bunun başqa səbəbləri də var?
- Psixoloji amillərlə yanaşı, səhhətimdə də problemlər var idi. “Federasiya kuboku”ndan sonra dizlərimdə ağrılar yaranmışdı. Tam gücümlə məşq edə bilmirdim.

- Sizə elə gəlmir ki, yığma komandada psixoloqa ehtiyac var?
- Açığı, psixoloqla heç vaxt işləməmişəm. Bu barədə fikir yürütməyə çətinlik çəkirəm. Onu bilirəm ki, ildə ən azı 1 beynəlxalq yarışda mübarizə aparmaq lazımdır. Belə turnirlərə qatılmayıb, olimpiada kimi məsuliyyətli yarışa gedəndə həyəcanlı olursan. Həm də Pekin Yay Olimpiya Oyunlarında hamının ümidi mənə idi. Kim məni görürdüsə, deyirdi ki, Nizami, sənə inanırıq, medal ümidimiz sənsən...

- Konkret ağır atletika növündə?
- Elə bütün növlərdə. Deyirdilər ki, yalnız sən qızıl medal qazana bilərsən. Bu da istər-istəməz idmançıda təzyiq yaradır, məsuliyyəti artırır. Fikirləşirsən ki, hamının ümidi mənədir, nəticə göstərməliyəm, əks təqdirdə, pis olacaq.

- Pekin Olimpiadasında çıxışınızı başa vurduqdan sonra hansı hissləri keçirirdiniz?
- Yarışdan sonra bir həftə şokda idim. Mənə elə gəlirdi ki, hələ podiuma çıxmamışam. Ardıcıl 3-cü dəfə yay olimpiya oyunlarına qatılırdım. Pekində də bəxtim gətirmədi. Çəkdiyim əziyyət hədər getmişdi.

- Özünüzü milli komandanın əsl lideri hesab edirsiniz?
- Bunu baş məşqçi deyə bilər.

- Sizdə liderlik keyfiyyətləri var?
- Gənclər və böyüklər arasında dünya və Avropa çempionu olmuşam, dəfələrlə dünya rekordu müəyyənləşdirmişəm. Hər halda, nə SSRİ dövründə, nə də müstəqillik dönəmində belə nəticə göstərən azərbaycanlı atlet var.

- Artıq bir müddətdir, yığmanın baş məşqçi postunda dəyişiklik edilməsi gündəmə gəlib. Necə düşünürsünüz, buna ehtiyac var?
- Vallah, bu haqda heç nə deyə bilmərəm.

- Özü də milli komandaya əcnəbi baş məşqçi gətirmək istəyirlər.
- Bunu özləri bilərlər. Mənim üçün fərqi yoxdur. Mənimki dəmirdir, “qantel”dir.

- 2008-ci ildə Azərbaycanın ən yaxşı 10 idmançısı arasında özünüzü görürsünüzmü?
- Yox. Çünki bu il bir o qədər nəticəm olmayıb.

- Siz ağır atletikaya demək olar, bütün həyatınızı vermisiniz, bəs ağır atletika sizə nə verib?
- Ən əsası titullar qazanmışam, dünyada tanınmışam. Bundan başqa, maddi vəziyyəti də normallaşdırıb.

- Elə bir məqam olub ki, ağır atletikadan bezəsiniz, karyeranızı bitirmək fikrinə düşəsiniz?
- O qədər olub ki! Hər yarışdan sonra belə fikrə düşürəm. Çünki ağır atletika adından da göründüyü kimi, ağır idman növüdür. Gündə 30 ton yük qaldırıram. Zədələnmə ehtimalı çox böyükdür. Diz sağalır, bilək ağrıyır, bilək sağalır, başqa nahiyədə ağrılar yaranır. Fiziki yüklənmələrə dözmək həddən artıq çətindir. Mənim stajım az deyil, 19 ildir ağır atletika ilə məşğulam.

- Bizdə ağır çəkilərdə atlet çatışmazlığı var. Bir vaxtlar 105 kq çəki dərəcəsində yığmaya legioner də cəlb olunmuşdu. Sizcə, ağır çəkilərdə yaranan problem nədən qaynaqlanır?
- Rayonlarda inventarlar, avadanlıqlar, təchizat yoxdur. Gərək belə texniki imkanlar olsun ki, bütün çəkilərdə atlet yetişsin. Məsələn, boksçu yayda küçədə də məşq edə bilər. Ancaq ağır atletikada bu, qeyri-mümkündür. Bundan ötrü lazımi şərait olmalıdır.

- Yığmanın baş məşqçisi Vahid Nəzərovla münasibətləriniz necədir? Vaxtilə heç də hər şey qaydasında deyildi...
- Şükür Allaha, problem yoxdur.

- Milli komandanın üzvləri necə, sözünüzə baxırlar?
- Elə mən də idmançıyam. Mənim özümə də tərbiyə vermək lazımdır.

- Yəqin ki, 2006-cı ildə Avropa çempionatı zamanı dopinqdə ilişdiyinizi nəzərə alıb, indi beynəlxalq yarışlara hazırlaşanda bir qədər də ehtiyatlı olursunuz. Məlum hadisədən 2 ildən çox keçib. Avropa çempionatında üzləşdiyiniz xoşagəlməz hadisənin səbəbkarını tapa bilmisinizmi?
- Bu məsələni aydınlaşdırmaq qeyri-mümkündür. Versiyalar çoxdur. Əminəm ki, bu, 100 faiz qurama iş idi. 1997-ci ildən 2006-cı ilədək beynəlxalq yarışlarda qüvvəmi sınamışam. Cəmi 1-2 turnirdə mükafatçılar sırasında olmamışam. Qalanlarında əksəriyyəti qızıl olmaqla, müxtəlif əyarlı medallar qazanmışam və həmişə də dopinq-testdən keçmişəm. Polşadakı qitə birinciliyinədək orqanizmimdə və ya qanımda istifadəsi qadağan olunmuş dərman preparatı tapılmamışdı. Həmin çempionatda isə gözlənilməz hal baş verdi.

- Tanınmağınız, məşhurluğunuz sizə maneçilik yaratmır ki?
- Mən 2004-cü il Afina Olimpiadasından sonra daha çox tanındım. Yadınızdadırsa, Afinada birdən qaldırma zamanı ştanqı saxlaya bilmədiyimdən tulladım. 2002-ci ildə dünya çempionu oldum, amma bu uğura baxmayaraq, küçədə gedəndə heç kim demirdi ki, Nizami Paşayev gedir. Afina Olimpiadasından sonra isə tezliklə məşhurlaşdım...

- Çoxları belə fikirləşir ki, siz ştanqı hakimlərin üstünə bilərəkdən atmısınız?
- Əslində, ştanq qabağa qaçmışdı, mən də bir az irəli getdim ki, ağırlığı saxlayım. Qaydaya əsasən, döşəmədən kənarda ştanqı qaldırdıqda belə, hakimlər hesaba almırlar. Mən də müvazinətimi itirməmək üçün müəyyən hərəkətlər etdim. Lakin gec idi, 180 kq-lıq ştanqı necə saxlaya bilərdim?! Çıxış yolu kimi, ştanqı tulladım. Yalnız ağır atletikadan başı çıxmayanlar ştanqı hakimlərin üstünə bilə-bilə tulladığımı söyləyirlər.

- Adətən uşaqlıqda hansısa məşhur idmançıya baxıb, ona oxşamaq istəyirsən. Maraqlıdır, bəs sizin kumiriniz kimdir?
- Kumirim yoxdur. Bu növü kiməsə baxıb, seçməmişəm. Uşaqlıqdan ağır atletikaya həvəsim var idi. Hətta məni ağırlıqqaldırma ilə məşğul olmağa evdən buraxmırdılar.

- Nəyə görə ailəniz ağır atlet olmağınızı istəmirdi?
- Deyirdilər ki, ştanq ağırdır, birdən başına salarsan.

- Ən böyük arzunuz nədir?
- Demək olar, bütün arzularıma çatmışam. Həyata keçməyən yeganə arzum olimpiadanın qızıl medalını qazana bilməməyimdir. İnşallah, növbəti yay olimpiya oyunlarında bu arzum da gerçəkləşər. 2012-ci il London Olimpiadasında mənim 31 yaşım olacaq. Bəzən 35, 40 yaşlı atletlər olimpiadada birinci yeri tuturlar. Bu baxımdan yaş amilinin mənə maneçilik törədəcəyini düşünmürəm.

- Gələcəkdə məşqçi kimi fəaliyyət göstərmək istəyiniz var?
- Əlbəttə! İlk növbədə arzuma çatmaq istəyirəm. Daha sonra karyeramı başa vurub, məşqçiliyə başlayacağam və özüm kimi idmançılar yetişdirməyə çalışacağam.

- 2009-cu illə bağlı planlarınız nədən ibarətdir?
- Gələn il aprelin 4-dən 12-dək Rumıniyada Avropa çempionatı keçiriləcək. Payızda isə dünya çempionatı olacaq. Allahın köməkliyi ilə gələn il üçüncü dəfə dünya çempionu olmaq istəyirəm. Azərbaycan idmanında bu vaxta qədər yalnız güləşçi Məhyəddin Allahverdiyev 3 dəfə dünya çempionu olub. Mənim də bu nəticəni təkrarlamaq niyyətim var.

- Bəs 2009-cu ilin martında İranda təşkil olunacaq Mahmud Namcunun xatirə turnirində iştirak etməyəcəksiniz?
- Yox. Bu yarışın mükafat fondu cəmi 25 min dollardır. Həm də İrana yollansam, bundan bir ay sonra keçiriləcək Avropa çempionatında kənar qalmalı olacağam. Buna görə də xatirə turnirindən imtina etdim.

- Sonda. Azarkeşlərinizə nə vəd edərdiniz?
- Bütün azarkeşlərimə öz minnətdarlığımı bildirirəm. Bəzi mətbu orqanlarda yazırlar ki, Nizami qocadır, idmanı tərk edir, daha beynəlxalq yarışlara getməyəcək. Bunlar hamısı yalan söhbətdir. Mən şəxsi məşqçim İsmayıl İsmayılovun rəhbərliyi altında məşqlərimi davam etdirərəm. İnşallah, gələcəkdə yeni-yeni uğurlar qazanacağam. Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinin prezidentinə, gənclər və idman nazirinə, Ağır Atletika Federasiyasının prezidentinə öz minnətdarlığımı bildirirəm. Onlar bizə böyük diqqət və qayğı göstərirlər. Pekin Olimpiadasında onların etimadını doğrulda bilmədim. İnanıram ki, qarşıdakı Avropa, dünya çempionatı və nəhayət, 2012-ci il London Yay Olimpiya Oyunlarında yaxşı nəticə göstərib onları sevindirəcəyəm.
0