Elnur Məmmədli fevraladək güləşməyəcək
19.12.2008 - 17:48
Elnur Məmmədli fevraladək güləşməyəcək
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli daha iki yarış buraxacaq. Bu haqda apasport.az saytına Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Onun sözlərinə görə, Məmmədli dekabrın sonlarında keçiriləcək ölkə çempionatında üzrlü səbəbdən iştirak etməyəcək.

“Çünki Elnur Pekin Olimpiadasında qızıl medal qazandıqdan sonra hələ də tam formaya düşməyib. Bunu nəzərə alıb, ona istirahət vermək qərarına gəlmişik. Ancaq sevindirici haldır ki, o, bu həftə Yaponiyada keçdiyimiz təlim-məşq toplanışında yaxşı təsir bağışladı. Açığı, Elnurun hazırlıq prosesindəki fəallığı, fiziki forması xoşuma gəldi” - deyə Axundzadə vurğulayıb.

20 yaşlı cüdoçu gələn ilin ilk ayında da bir turnirdən kənarda qalacaq. Söhbət yanvarın 24-25-də Gürcüstanda baş tutacaq Dünya Kubokundan gedir. Axundzadə vurğulayıb ki, olimpiya çempionu fevralda güləşməyə başlayacaq: “Məmmədli yaxın bir ay ərzində formaya düşə bilməz. Bu səbəbdən Gürcüstandakı Dünya Kubokuna onu aparmayacağıq. Fevralda Fransada təşkil olunacaq nüfuzlu beynəlxalq turnirdə isə o, güləşə biləcək”.

Baş məşqçi onu da əlavə edib ki, Elnurla yanaşı, Ramil Qasımov (66 kq), Mövlud Mirəliyev (100 kq) və Kifayət Qasımova (57 kq) da milli çempionatda iştirakdan azaddır.

Qeyd edək ki, bu ilin avqustunda Pekində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Elnur Məmmədli son 4 ayda heç bir beynəlxalq yarışda mübarizə aparmayıb.
0