Ağayar Axundzadə: Mehman Əzizov məşqçiliyə başlasa, yığmada işləməyəcək
19.12.2008 - 18:21
Ağayar Axundzadə: Mehman Əzizov məşqçiliyə başlasa, yığmada işləməyəcək
“Mehman Əzizovun milli çempionatda güləşib-güləşməyəcəyini bilmirəm. Eşitmişəm ki, məşqçiliyə başlayıb, yeniyetmələrdən ibarət yığmada işləmək istəyir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.

Milli komandanın əsas heyət üzvü sayılan Mehman Əzizovun yekun qərarından xəbərsiz olan Axundzadə vurğulayıb ki, yetirməsinə yol göstərib: “Əzizov məşqçiliyə başlasa, yığmada işləməyəcək. Çünki milli komandanın məşqçilər korpusunda yer almaq üçün təcrübə toplamaq lazımdır. Yaxşı olar ki, öncə hansısa klubda və ya cəmiyyətdə çalışsın, bacarığını sübut etsin. Yeniyetmə cüdoçularla danışmağı, onları psixoloji, fiziki cəhətdən hazırlamağı bacarmalıdır. Məşqçi o deyil ki, zala girib, ayağını-ayağının üstünə aşırsın və quru-quru desin ki, mən məşqçiyəm. Gərək, hər işdə öz biliyini, savadını sübuta yetirə biləsən”.

Qeyd edək ki, 32 yaşlı Əzizov Pekin Olimpiadasında uğursuzluğa düçar olduqdan sonra karyerasını başa vurmaq fikrinə düşsə də, hələlik qəti qərara gəlməyib.
0