Maqomedxan Aratsilov: Çempionatda gözlənilməz nəticə ilə qarşılaşdım
22.12.2008 - 18:12
Maqomedxan Aratsilov: Çempionatda gözlənilməz nəticə ilə qarşılaşdım
“Azərbaycan çempionatının nəticəsindən məmnun qaldım. Medallar uğrunda gərgin rəqabət getdi. Gənc pəhləvanlar yetişir və onlar nüfuzlu rəqiblərinə qarşı yaxşı mübarizə apardılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Maqomedxan Aratsilov deyib.

Dağıstanlı çalışdırıcı çempionatda rast gəldiyi gözlənilməz məqama toxunub. Onu yığmamızın karaçaylı legioneri, Pekin Olimpiadasının iştirakçısı Novruz Temrezovun (84 kq) qızıl medal qazanmaması təəccübləndirib: “Belə təcrübəli güləşçinin uduzması mənim üçün gözlənilməz oldu. Hər halda, üçüncü yer aşağı göstərici sayılmalıdır. Digər çəkilərdə isə sensasiya qeydə alınmadı”.

Baş məşqçi bildirib ki, Namiq Abdullayevlə bağlı məsələ açıq qalır. İki ay öncə ailə həyatı quran Sidney Olimpiadasının qalibi fiziki formada olmadığını əsas gətirərək, çempionata qatılmayıb. Aratsilov deyib ki, Abdullayevin yığma karyerasını davam etdirib-etdirməyəcəyi də bilinmir: “Ondan bu barədə nə vaxt soruşuramsa, “bilmirəm” cavabını verir. Yanvarın 4-də təlim-məşq toplanışı başlayacaq. Əgər Namiq istəsə, bu toplanışına qatıla bilər. Açığı, mən də onun kimi nizam-intizamlı, təcrübəli pəhləvanın milli komandanın düşərgəsinə gəlməsinin tərəfdarıyam”.
0