Pekin Olimpiadasının iştirakçıları Azərbaycan çempionatında güləşməyəcək
23.12.2008 - 17:13
Pekin Olimpiadasının iştirakçıları Azərbaycan çempionatında güləşməyəcək
Azərbaycan cüdo yığmasının daha bir üzvü Mehman Əzizov da mili çempionata qatılmayacaq. Bu haqda apasport.az saytına 32 yaşlı cüdoçu özü məlumat verib. O, dekabrın 25-26-da keçiriləcək ölkə çempionatında güləşməmək üçün icazəli olduğunu bildirib.

“Budəfəki çempionatda iştirak etməyəcəyəm. Lakin bu, karyeramı başa vurmağım demək deyil. Gələn il yarışlara qatılmaq planımda var” - deyə Əzizov vurğulayıb.

Mehman artıq məşqçi fəaliyyətinə başladığını da söyləyib. 2000-ci il Sidney, 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiadalarında mübarizə aparmış Əzizov indi Bakının “Atilla” və “Kano” klublarında məşqçilik edir.

Beləliklə, növbəti, XXXVI Azərbaycan çempionatında Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş 6 cüdoçumuzdan 5-i güləşməyəcək. Mehman Əzizovla (81 kq) yanaşı, Elnur Məmmədli (73 kq), Mövlud Mirəliyev (100 kq), Ramil Qasımov (66 kq) və Kifayət Qasımova (57 kq) çempionatdan azaddırlar. Son olimpiada iştirakçılarından yalnız Elxan Məmmədov (90 kq) ölkə birinciliyində tatami üzərinə çıxacaq.
0