Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransının gündəliyi açıqlanıb
24.12.2008 - 13:49
Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransının gündəliyi açıqlanıb
Dekabrın 26-da keçiriləcək Milli Olimpiya Komitəsinin (MOK) hesabat-seçki konfransının gündəliyi açıqlanıb. Qurumun mətbuat katibi Cəmaləddin Rəhimovun apasport.az saytına verdiyi məlumata görə, gündəlikdə bir sıra məsələlər durur.

Konfransda MOK-un İcraiyyə Komitəsinin son 4 il üçün hesabatı dinləniləcək. Ardından təftiş komissiyası da hesabat verəcək. Daha sonra seçki yolu ilə MOK-un yeni tərkibi müəyyənləşəcək. Tədbirdə quruma yeni prezident və İcraiyyə Komitəsinə yeni üzvlər seçiləcək.

Rəhimov vurğulayıb ki, MOK-un prezidenti vəzifəsinə namizədlərin sayı konfransın gedişində bilinəcək: “Prezident postuna namizədlər Məclis üzvləri tərəfindən irəli sürülür. Buna görə də prezident vəzifəsinə neçə namizəd olacağını indidən söyləmək mümkün deyil”.

Tədbirdə 2008-ci il ərzində beynəlxalq yarışlarda uğur qazanmış idmançıların mükafatlandırılacağı da gözlənilir.

Qeyd edək ki, 1997-ci ildən indiyədək MOK-a Azərbaycan Respublikasının prezidenti İlham Əliyev rəhbərlik edir.
0