Ağayar Axundzadə: Guya mən Elnur Məmmədlinin çempionatda güləşməsini istəmirdim?
27.12.2008 - 14:35
Ağayar Axundzadə: Guya mən Elnur Məmmədlinin çempionatda güləşməsini istəmirdim?
“Bizim işimizə kənarda baxanlara hər şey asan görünə bilər. Amma “halva-halva” deməklə ağız şirin olmur. Fikrimcə, yığmamızın aparıcı üzvlərini Azərbaycan çempionatında güləşmədikləri üçün tənqid etməyə ehtiyac yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib.

Dekabrın 25-26-da keçirilmiş XXXVI Azərbaycan çempionatının nəticələrini dəyərləndirən Axundzadə bildirib ki, Pekin Olimpiadasında mübarizə aparmış cüdoçular obyektiv səbəblərdən ölkə birinciliyinə qatılmayıblar: “Tənqidlərə baxmayaraq, biz öz işimizdəyik. Cüdoçular il ərzində müxtəlif turnirlərdə olublar, yorulublar, bəziləri zədəlidir. Bunları nəzərə almaq lazımdır. Liderləri biz özümüz yarışdan azad etmişdik. Guya mən Elnur Məmmədlinin və ya Mövlud Mirəliyevin milli çempionatda güləşməsini istəmirdim? Sadəcə, onlar yarışa hazır deyildilər. Belə olan halda, bu cüdoçuların uduzmaları nəyə lazımdır?”

Baş məşqçini çempionat zamanı təəccübləndirən yeganə məqam Avropa çempionatının gümüş mükafatçısı Elxan Məmmədovun məğlubiyyətlə üzləşməsi olub: “Elxan çəkisini 90 kq-dan 100 kq-a dəyişmişdi. Açığı, onun finalda gənclər arasında dünya çempionatının iştirakçısı Elmar Qasımova uduzacağını gözləmirdim. Amma ippon fəndinə düşən Elxan 2-ci yerlə kifayətləndi”.

Axundzadə vurğulayıb ki, çempionatda güləşməyən Mehman Əzizov bir daha milli komandaya çağırılmayacaq: “Mehmana istirahət verməmişdik, o, özü tatami üzərinə çıxmaq istəmədi. Məşqçiliyə başladığı üçün Əzizov yığmanın heyətində beynəlxalq yarışlara aparılmayacaq. Gələn ay Gürcüstanda keçiriləcək Dünya Kubokuna yığmanın 1 və 2 nömrəli idmançıları yollanacaqlar. İstənilən halda, gənclərin, xüsusilə aşağı çəkilərdə qızıl medal qazananların üzərində çox işləməliyik”.

Qeyd edək ki, Azərbaycan çempionatında müxtəlif səbəblərdən Pekin Olimpiadasının 5 iştirakçısı - Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Mövlud Mirəliyev (100 kq) və Kifayət Qasımova (57 kq) mübarizə aparmayıblar.
0