Rusiyada Azərbaycanın adından sui-istifadə olunub EKSKLÜZİV
29.12.2008 - 13:56
Rusiyada Azərbaycanın adından sui-istifadə olunub EKSKLÜZİV
Rusiyada keçirilən döyüş sambosu üzrə dünya çempionatında Azərbaycanın adından sui-istifadə olunub. Bu haqda apasport.az saytına açıqlamasında Azərbaycan sambo yığmasının baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, Moskva ətrafı vilayətdəki dünya çempionatını bu ölkədə qeyri-rəsmi fəaliyyət göstərən təşkilat keçirib.

“Bizi yarışa dəvət etmişdilər. Lakin çempionatı qeyri-rəsmi təşkilatın keçirdiyini bildiyimizdən bundan imtina etdik. Özü də təşkilatı FSB-nin generalı yaradıb. 15-20 gün öncə burada bir vətəndaş bizə müraciət ünvanlamışdı. O, Rusiyada yaşayan 3-4 soydaşımızın çempionata qatılması üçün Azərbaycan Sambo Federasiyasının təsdiq məktubunu istəyirdi. Cavabımızda həmin şəxsə bildirdik ki, bu təşkilatı tanımadığımızdan, hər hansısa idmançımızın çempionatda döyüşməsinə icazə verməyəcəyik” - deyə baş məşqçi vurğulayıb.

Buna baxmayaraq, çempionatda Azərbaycanın adından iştirak edən olub. Özü də bir soydaşımız - Sabit İbrahimov 90 kq çəki dərəcəsində gümüş medal qazanıb. Sabit İbrahimov adlı samboçunu tanımadığını söyləyən milli komandamızın çalışdırıcısı yanvarda qarşı tərəfə şikayət məktubu yollayacaqlarını deyib: “Açığı, belə samboçu adını ilk dəfədir eşidirəm. Peşəkar sambo və döyüş sambosu üzrə rəsmi dünya çempionatı noyabrda Sankt-Peterburqda olub və biz yarışda mübarizə aparmışıq. Yeni il bayramından sonra isə qeyri-rəsmi dünya çempionatını keçirən təşkilata şikayət məktubu göndərəcəyik. Həmçinin, Beynəlxalq, Avropa və Rusiya Sambo Federasiyalarını məsələ ilə bağlı məlumatlandıracağıq”.

Beynəlxalq federasiyaların təqvimində yer almadığından yarışda neçə soydaşımızın döyüşdüyünü və onların kim olduqlarını dəqiqləşdirmək mümkün olmayıb.
0