Xuan Laporta: Hər dövrün ən yaxşıları “Barselona”da oynayıblar - MÜSAHİBƏ
30.12.2008 - 10:35
Xuan Laporta: Hər dövrün ən yaxşıları “Barselona”da oynayıblar  -  MÜSAHİBƏ
Kataloniya klubunun prezidenti Xuan Laportanın “Futbol dünyası” qəzetinə müsahibəsi

- Cənab Laporta, “Barselona” son iki ildə İspaniya çempionu ola bilməyib. Digər tərəfdən, komandanızın bundan da uğursuz dövrü olub. Məsələn, 1975-1984-cü illərdə “Barsa” İspaniya çempionluğuna həsrət qalıb.
- Düzdür, amma “Barselona” 1961-1973-cü illərdə də çempion ola bilməyib. Biz sadəcə klub deyil, daha böyük təşkilatıq və qələbələr və məğlubiyyətlər görə-görə bu səviyyəyə çatmışıq. Şübhəsiz, qələbə qazanmaq daha yaxşıdır, amma hisslər daha vacib amildir. Əgər biz “Barsa”nı ancaq qalib gələndə dəstəkləsək, bunun sonu heç vaxt yaxşı olmaz. Keçmişi və uğursuzluqları xatırlayaraq qələbədən daha çox həzz almaq olar. O dövrlə bağlı onu da deyə bilərəm ki, həmin vaxtın futbolu indikindən çox fərqlənirdi.

- “Barselona” İspaniyanın Kral kubokunu sonuncu dəfə 1998-ci ildə qazanıb. Bu, sizin klubun həmin yarışa etinasız yanaşması demək deyilmi?
- Belə şey ola bilməz. Daim qalib gəlmək istəməyən hansısa futbolçu və ya hansısa komandanı tanımıram. Amma məlum məsələdir ki, futbolu tək oynamırsınız. Kubok oyunları çempionat oyunlarından fərqlənir və məsələn, səfər qolu qaydası üzündən növbəti mərhələyə çıxmaq problemə çevrilə bilər. Biz Kral kubokunu qazanmağı arzulayırıq və şans bizdən üz döndərməsə, elə bu mövsüm istəyimizə çatacağıq.

- “Barselona”da hər mövqedə ulduz futbolçular çıxış edir. Yalnız komandanın qapısını qoruyan Viktor Valdes elə də məşhur qapıçı deyil. Məsələn, o, ara-sıra İspaniya yığmasına çağırılsa da, bir dəfə də olsun bu komandanın formasını geyinməyib. Bu barədə nə deyə bilərsiniz?
- “Barselona”nın qapıçısı olmaq asan məsələ deyil. Düzdür, biz oyunu meydanın rəqibə aid hissəsində keçirməyə çalışır və daim hücum etmək istəyirik. Amma qapıçımız həmişə sayıq olmalıdır, çünki rəqib hər an əks hücum təşkil edə bilər. Valdes “Barsa”nın oyun üslubuna uyğunlaşıb və o, tarixə düşə biləcək istedadlı qapıçıdır.

- Açığı, mövsümlərarası fasilədə çoxları “Barsa”nın baş məşqçisi vəzifəsinə daha təcrübəli mütəxəssisin təyin ediləcəyini gözləyirdi. Məsələn, o vaxt işsiz olan Joze Mourinyo və ya Marçello Lippinin. Amma siz komandanın sükanını nəinki məşqçi kimi heç bir uğur qazanmayan, ümumiyyətlə, bu sahədə böyük təcrübəyə malik olmayan 37 yaşlı Xosep Qvardiolaya həvalə etdiniz. Etiraf edirsinizmi, bu, risqli qərar idi?
- Elə deməzdim. Qvardiola uşaqlıqdan “Barselona”dadır, bizim klubun akademiyasının yetirməsidir və komandanın kapitanı olub. O, bizim klubu ürəkdən sevir. Biz ona şans verdik və indi də ona işləməyə şərait yaratmalıyıq. Hər həftə ondan nəticə tələb etməklə ona təzyiq göstərmək niyyətində deyilik. Hazırda “Barselona”nın İspaniya çempionatında liderliyə yüksəlməsi onun düzgün yolda olmasına sübutdur.

- Argentina yığmasının baş məşqçisi təyin olunandan sonra əfsanəvi Dieqo Maradonanın adı yenidən dillər əzbəri oldu. Çoxları onu “Napoli”nin futbolçusu kimi xatırlayır. Amma onun iki il “Barselona”da oynamasını da unutmaq olmaz. Maraqlıdır, Maradona 1984-cü ildə “Barselona”nı tərk edərək “Napoli”yə keçəndə bir azarkeş kimi məyus olmuşdunuzmu?
- Baxın, dünyanın ən yaxşı futbolçuları həmişə “Barselona”da çıxış ediblər. Ötən əsrin 80-ci illərinin əvvəlində Maradona ən yaxşı idi. Onun “Barsa”da oynadığı vaxtlarda vurduğu gözəl qolların bəzisini indi də xatırlayıram. İdmanda ən böyük rəqibimiz olan “Real”la oyunda vurduğu qolu “Bernabeu” stadionundakı azarkeşlər belə alqışlamışdılar. Yadımdadır ki, bəzi insanlar Maradonanın məşqini belə izləyirdilər. Çünki onun topla davranışına baxmaq gözəl tamaşa idi.

- Yaxşı, bəs sizcə, “Barsa”nın bütün dövrlər ərzində ən yaxşı oyunçusu kimdir? Qvardiola? Bəlkə Maradona? Yoxsa başqa birisi?
- Bu suala cavab vermək asan deyil. “Barsa”nın ən yaxşı oyunçusunu seçmək dünyanın bütün dövrlər ərzində ən yaxşı futbolçusunu seçmək kimi bir şeydir. Onu dəqiq bilirəm ki, hər dövrün ən yaxşıları bizim komandada oynayıblar: Ladislao Kubaladan Yohan Kruiffə kimi, Dieqo Maradonadan Ronaldinyoya kimi və indi də, əlbəttə ki, Lionel Messi. İcazənizlə bunu belə deyərdim: “Barselona” hər zaman yaxşı və baxımlı futbol nümayiş etdirmək istəyir və ən yaxşı oyunçular olmadan bunu etmək mümkün deyil.

- 2008-ci ildə Avropa çempionu olan İspaniya yığmasının heyətini nəzərdən keçirəndə bir fakt diqqətimi çəkdi. Bu komandada “Valensiya” və “Liverpul”un hərəyə 4, “Barselona” və “Real” kimi klubların isə, müvafiq olaraq, 3 və 2 futbolçusu vardı. Bu barədə nə deyə bilərsiniz?
- Futbol indi qloballaşıb və heç vaxt əvvəlki kimi olmayacaq. Bunu normal qarşılamaq lazımdır. Bununla belə, “Barsa”nın əsas komandasında bizim akademiyanın yetirməsi olan Valdes, Puyol, Xavi, Buskets, İnyesta, Messi və Boyan Krkiç kimi futbolçular var. Biz həqiqətən bununla fəxr edirik və bu, “Barsa”nın özəlliyinə bir sübutdur.

- Əgər sirr deyilsə, “Barselona”nın maliyyə imkanları barədə məlumat verərdiniz. Məsələn, klubunuzun büdcəsi nə qədərdir?
- Əlbəttə sirr deyil. Onu deyə bilərəm ki, biz 2008/09 mövsümü ərzində 380 milyon avro gəlir gözləyirik.

- Son vaxtlar Roman Abramoviç kimi milyarderlər İngiltərə və digər aparıcı futbol ölkələrinin klublarını alır və ya almağa cəhd göstərirlər. “Barselona”nın da gələcəkdə hansısa varlı birinə satılması mümkündürmü?
- Bu, heç cür mümkün deyil. “Barselona”nın hazırda 169 min üzvü var və klub onların hamısına məxsusdur. Biz məhdud məsuliyyətli şirkət deyilik, biz elə öz üzvlərinə məxsus olan multiidman klubuyuq. Bizim işgüzar modelimizə baxın və siz görəcəksiniz ki, bizim klubumuz 109 il ərzində vətəndaş dəyərlərinə əsaslanıb.

- Bu yaxınlarda gələn mövsüm MLS-də “Barselona-USA” adlı komandanın çıxış edəcəyi barədə xəbər yayılmışdı. Bu doğrudurmu?
- ABŞ-da öz komandamızı yaratmaq fikrini yaxın həftələrdə dəqiqləşdirəcəyik. Biz MLS çempionatında təmsil olunacağımıza ümid edirik, amma bununla bağlı qəti qərarımızı hələ verməmişik. Digər planlara və layihələrə gəlincə, biz addımbaaddım getməyə ümid edirik.
0