Yığmamızın sabiq futbolçusu “Spartak”a baxışa gedib
07.01.2009 - 18:58
Yığmamızın sabiq futbolçusu “Spartak”a baxışa gedib
Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Əbdürəhmanov karyerasını yenə Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi Nalçikin “Spartak” klubuna baxışa yollanıb. O, hazırda bu komanda ilə birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edir.

Əbdürrəhmanovun “Spartak”ın heyətində sabah Bakının “İnter” klubuna qarşı yoxlama oyununda iştirak edəcəyi gözlənilir. Futbolçumuz Nalçik təmsilçisinin baş məşqçisi Yuri Krasnojana yaxşı tanışdır. Belə ki, İlqar 5 il öncə “Spartak”a keçidi zamanı komandanı bu mütəxəssis çalışdırırdı. Ancaq İlqar həmin vaxt menecerinin məsləhəti ilə Qazaxıstanın “Jenis” klubuna keçdi.

Qeyd edək ki, ilk dövrədə “Muğan”da çıxış edən Əbdürəhmanov hətta kapitan sarğısını daşıyıb. Futbolçu ilə cari mövsümün sonuna qədər anlaşması olan salyanlılar onun gedişinə əngəl törətməyib. İlqar indiyədək ölkə kənarında Rusiya və Qazaxıstanla yanaşı, Belarusda da çıxış edib.
0