Ən varlı futbolçu və klub prezidenti kimdir?
08.01.2009 - 11:43
Ən varlı futbolçu və klub prezidenti kimdir?
İngiltərənin ən varlı futbol klubu rəhbərlərinin reytinqində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin prezidenti Roman Abramoviç artıq bu siyahıda liderliyini itirib.

İndi İngiltərənin ən varlı klub rəhbəri “Mançester Siti”nin sahibi, ərəb şeyxi Mansur bin Zayad əl-Nahyandır. 38 yaşlı prezidentin varidatı 15 milyard funt-sterlinqə (22,4 milyard dollar) bərabərdir. O, “Mançester Siti”ni ötən ilin sentyabrında alıb və yeni oyunçuların transferinə külli miqdarda pul xərcləyib.

“FourFourTwo” jurnalının hesablamalarına əsasən, ikinci yeri aşağı divizion təmsilçisi “Kuinz Park Reyncers”in sahibi Lakşmı Mittal tutur (12,5 milyard funt-sterlinq). Abramoviç isə dünyadakı maliyyə böhranı ucbatından çoxlu pul itirdikdən sonra, 7 milyard funt-sterlinq göstərici ilə, 3-cü sırada qərarlaşıb. Maraqlıdır ki, “Mançester Yunayted”in rəhbəri olan Qleyzerlər ailəsi yalnız 10-cu yerlə kifayətləniblər (1 milyard funt-sterlinq).

İngiltərənin ən varlı futbolçusu isə “Milan”ın şərəfini qoruyan Devid Bekhemdir. Onun 125 milyon funt-sterlinq pulu var. İkinci pilləni tutan Maykl Ouenin (“Nyukasl”) pulu bundan 3 dəfə azdır.
0