Doqquzqat Azərbaycan çempionu “Bakı”ya keçdi
08.01.2009 - 17:23
Doqquzqat Azərbaycan çempionu “Bakı”ya keçdi
Azərbaycan milli komandasının futbolçusu Mahmud Qurbanovun “Bakı” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bakılılar bu gün 36 yaşlı yarımmüdafiəçi ilə yarım illik müqavilə bağlayıblar.

Mahmudun son il yarımda çıxış etdiyi “İnter”lə müqaviləsi bitdiyi üçün “Bakı” qarşı tərəfə təzminat ödəməyib. Paytaxtın eyniadlı komandası Qurbanovun karyerasında sayca 8-cidir. Legioner kimi İranda “Fulad”, Ukraynada “Tavriya”nın şərəfini qoruyan Mahmud sonuncuların baş məşqçisi Anatoli Zayayev tərəfindən “professor” ləqəbini qazanıb.

Azərbaycanda “Kəpəz”, “Neftçi”, “Şəmkir”, “Xəzər-Lənkəran”, “İnter”də çıxış etmiş Qurbanov bu komandaların hamısı ilə çempionluq qazanıb. Ümumilikdə, 9 dəfə Azərbaycan çempionu tituluna yiyələnən Mahmud bu göstəricidə ölkə rekordçusudur. O, 1997/98 mövsümündən indiyədək yalnız bir dəfə ölkə çempionu olmayıb. Son 11 ildə çıxış etdiyi bütün komandalarla qızıl medal qazanan yarımmüdafiəçi yalnız 2005/06 mövsümündə buna nail olmamışdı. Maraqlıdır ki, Mahmudsuz çempion olmağı bacaran yeganə komanda yarımmüdafiəçinin indi razılaşdığı “Bakı”dır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 366 oyun keçirən Qurbanov bu göstəricidə də rekordçu sayılır.
0