“Qalatasaray”ın sabiq futbolçusu karyerasını ölkəmizdə bitirəcək
12.01.2009 - 11:07
“Qalatasaray”ın sabiq futbolçusu karyerasını ölkəmizdə bitirəcək
“Azərbaycanda azarkeşlər bizə böyük sevgi bəsləyirlər. Klub rəhbərliyindən də eyni münasibət görürük. Bunlar da orada xoşbəxt olmağıma kifayət edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun türk futbolçusu Suat Usta deyib.

Türkiyə mətbuatına müsahibə verən 30 yaşlı müdafiəçi Azərbaycan futbolunun inkişafda olduğunu bildirib: “Təbii ki, Azərbaycan futbolu səviyyəsinə görə Türkiyədən geri qalır. Amma bu məsafənin aradan qaldırılması üçün inanılmaz işlər görülür. Təsisləşmə sahəsində inkişaf gedir. Maddi məsələlərdə isə heç bir sıxıntıları yoxdur. Belə inkişafla Azərbaycanın yaxın zamanda futbolda söz sahibi olması qaçılmazdır”.

Suat “Neftçi”dən aldığı təklifin onun üçün göydən düşmə olduğunu düşünür: “Qaziantepspor”da oynadığım vaxt dövrələrarası fasilədə komandadan ayrıldım. Bir müddət futboldan uzaq qaldım. Çıxış yolu axtararkən Azərbaycandan təklif aldım. İndi həmin təklifi müsbət dəyərləndirdiyim üçün sevinirəm. Bu variant menecerlərimin vasitəçiliyi ilə yarandı. Mənə dedilər ki, səni orada yaxşı tanıyırlar. Bakıya gedərək şərtlərlə yerində tanış oldum. Hər şey cəlbedici idi. Türkiyə havası ilə yetişən bir futbolçunun bu mədəniyyətdən kənarda yaşaması çətindir. “Neftçi” olmasaydı, məcbur olub Hollandiyaya qayıdacaqdım. Amma Allah dualarımı qəbul etdi və Türkiyəyə çox yaxın olan Azərbaycana transfer oldum”.

Usta Türkiyədə futbolçulara olan münasibətdən bezdiyini etiraf edib: “Türkiyədə 6-7 il oynadım. Hər il eyni problemlə üzləşməkdən bezmişdim. İldə 30-34 oyuna çıxıb, mövsümün sonunda eyni münasibətlə üzləşmək ürəyimi sıxırdı. Klublar oyunçudan işə peşəkar münasibət tələb edir, özləri isə buna əməl etmirdi. Mən adıma layiq münasibət görmək istəyirdim. Xoşbəxt olmadığın halda karyera nəyə lazımdır? Təbii ki, pul və karyera önəmlidir. Lakin getdiyin yerdə xoşbəxtsənsə, bunlar da gələcək. Təsəvvür edin 34 matça çıxırsan. Çempionat bitincə, dilənçi kimi gedib klubdan zəhmət haqqını istəyirsən. Əslində, bu Türkiyə futbolunun öz gözəlliyidir. Futbolçunun halal pulunu yalvararaq almadığı bir türkiyəlini ağlıma belə gətirə bilmirəm”.

Suat Türkiyəyə dönmək niyyətində olmadığını da bildirib: “Bütün türk klublarını izləməkdə davam edirəm. Lakin “Qalatasaray”ın öz yeri var. Hara getsəm məni “Qalatasaray”lı Suat kimi tanıyırlar. “Beşiktaş”a 10 il xidmət etdim. Bu komanda üçün çox darıxıram. Amma geri dönmək fikrim yoxdur. Hər şey indiki kimi gözəl davam edərsə, karyeramı Azərbaycanda bitirə bilərəm. “Beşiktaş”a futbolçu kimi olmasa da, başqa işlərdə xidmət etmək istəyərəm”.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi ötən ilin avqustunda “Neftçi”yə transfer olunub.
0