“Kocaelispor” klubunun icraçı-direktoru: Rəşad Sadıqovu transfer etməyə hazırıq
12.01.2009 - 14:03
“Kocaelispor” klubunun icraçı-direktoru: Rəşad Sadıqovu transfer etməyə hazırıq
“Rəşad Sadıqovun komandamıza keçidi hələ rəsmiləşməyib. Bununla bağlı danışıqlar olacaq”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun icraçı-direktoru Nəciməddin Çalışqan deyib. Onun sözlərinə görə, Azərbaycan yığmasının 27 yaşlı kapitanı Rəşad Sadıqovun transferinin gerçəkləşməsi ehtimalı böyükdür.

Çalışqan bildirib ki, 10 günə yaxındır baxışda olan müdafiəçimiz barədə son sözü komandanın prezidenti Serhan Gürkan deyəcək: “Antalyada təlim-məşq toplanışını davam etdiririk. Gürkan isə hazırda İstanbuldadır. Onun qayıdışını gözləyirik. Bundan sonra Rəşadın taleyinə tam aydınlıq gələcək. Sadıqovun keçidi reallaşacağı halda, bu haqda rəsmi məlumat verəcəyik”.

Rəşadın mövsümün sonunadək “Neftçi” ilə müqaviləsinin olması transferin baş tutmasına əngəl yarada bilər. Ancaq “Kocaelispor” rəsmisi bunu problem saymır: “Bəyəndiyimiz futbolçunun transferini gerçəkləşdirməyə hazırıq. Rəşadı transfer edəcəyimiz halda, onun “Neftçi” ilə bağlı məsələsi həll olunacaq”.

Qeyd edək ki, Türkiyə Superliqasında sonuncu 18-ci yerdə qərarlaşan “Kocaelispor” futbolçumuzla il yarımlıq müqavilə bağlamaq fikrindədir.
0