Milli komandamız Dubaya sərnişin təyyarəsi ilə gedəcək
12.01.2009 - 16:48
Milli komandamız Dubaya sərnişin təyyarəsi ilə gedəcək
Azərbaycan futbol yığması təlim-məşq toplanışı keçmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə sərnişin təyyarəsi ilə yollanacaq. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, səfərə çarter reysi ilə getmək maddi baxımdan sərfəli deyil.

“Çünki milli komandamız Birləşmiş Ərəb Əmirliklərində 16 gün qalacaq. Bu vaxt ərzində sifariş etdiyimiz təyyarə ya bizi gözləməli, ya da Bakıya qayıdıb, sonra yenə Dubaya getməlidir. Nəticədə səfərə əlavə xərclər çəkmək lazım gələcək. Həm də belə uzun müddətli təlim-məşq toplanışlarında adətən sərnişin təyyarəsindən istifadə edilir” - deyə Məmmədov vurğulayıb.

Assosiasiya rəsmisi onu da bildirib ki, yığmamızın baş məşqçisi Berti Foqtsun Dubaya birbaşa Almaniyadan gələcəyi istisna deyil: “Ola bilsin ki, Foqts təlim-məşq toplanışına Bakıdan yığma ilə birgə yollansın. Həmçinin, onun öz vətənindən Dubaya gələcəyi də istisna deyil”.

Qeyd edək ki, yanvarın 27-də başlanacaq təlim-məşq toplanışına fevralın 12-də yekun vurulacaq.
0