Foqtsla Sadıqovun bəyənmədiyi Ronaldo “Brilyant top” aldı
13.01.2009 - 10:37
Foqtsla Sadıqovun bəyənmədiyi Ronaldo “Brilyant top” aldı
Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Kriştianu Ronaldo 2008-ci ildə həm də dünyanın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, ötən ay “France Football”ın keçirdiyi sorğuda Avropanın ən yaxşısı olan 24 yaşlı futbolçu FİFA-nın sorğusunun da qalibi olub. Milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsinin nəticələrinə əsasən Kriştianu “Brilyant top”a sahib çıxıb.

Mükafatı İsveçrədə futbol kralı Peledən alan yarımmüdafiəçi əsas rəqibi olan argentinalı Lionel Messini qabaqlaya bilib. Ronaldo ötən il klubunun heyətində İngiltərə çempionluğunu və UEFA Çempionlar Liqasını qazanıb.

Dünyanın ən yaxşı qadın futbolçusu isə braziliyalı Marta seçilib. O, ardıcıl üçüncü dəfə “Brilyant top”a yiyələnib.

Qeyd edək ki, sorğuda Azərbaycanı təmsil edən milli komandanın baş məşqçisi Berti Foqts və kapitan Rəşad Sadıqov qalibi düzgün müəyyənləşdirə bilməyiblər. Belə ki, almaniyalı mütəxəssis David Vilyanı birinci, Lionel Messini ikinci, Mixael Ballakı üçüncü yerə layiq bilmişdisə, Rəşad ilk “üçlüy”ə Fernando Torres, Kriştianu Ronaldo və Lionel Messini daxil edib.

0