Futbolda inqilab!
13.01.2009 - 13:31
Futbolda inqilab!
“İdmanın şahı” sayılan futbol ciddi dəyişikliklər astanasındadır. Apasport.az saytının məlumatına görə, tezliklə futbol hakimlərinin sayı 3-dən 5-ə artırılacaq. Bununla bağlı rəsmi qərar martda Şimali İrlandiyada keçiriləcək FİFA-nın toplantısında qəbul olunacaq. Əsas məqsəd mübahisəli epizodların sayını azaltmaq, daha obyektiv qərarlar vermək, ədalət prinsiplərini mümkün qədər yaxşı qorumaqdır.

Yeni hakimlər qapı xəttinin yaxınlığında yer alacaqlar. Onlar oyunun gedişində 4-5 metr meydançaya girmək hüququna malik olacaqlar. Bu hakimlərin başlıca vəzifələri cərimə meydançasındakı prosesləri diqqət mərkəzində saxlamaq olacaq. Eyni zamanda, onlar topun qapı xəttini keçib-keçmədiyi barədə də yekun qərar verəcəklər.

Dördüncü və beşinci hakimin nə fiti olacaq, nə də bayrağı. Onlar baş hakimlə simsiz telefon və qulaqcıqların köməyi ilə əlaqə quracaqlar. Özü də bu funksiyanı 45 yaşdan yuxarı hakimlərin də yerinə yetirmələrinə imkan yaradılacaq. Çünki onların çox hərəkət etmələrinə və qaçmalarına lüzum yoxdur.

Qəbul olunacaq qaydalar nəticəsində, bundan sonra baş hakim daha az qaçacaq, çox yorulmayacaq və oyunun axırlarında gümrah nəzərə çarpacaq. FİFA 5 hakimli sistemli 2008-ci ildə Sloveniya və Macarıstanda 19 yaşadək futbolçulardan ibarət yığmaların yarışında sınayıb. Bu ilin martından etibarən isə bütün yaş qrupları arasında təşkil olunacaq futbol matçlarında 5 hakim olacaq.
0