Nazir olimpiya mükafatçısının Azərbaycanda təhsil almasına imkan yaratmayıb
13.01.2009 - 17:05
Nazir olimpiya mükafatçısının Azərbaycanda təhsil almasına imkan yaratmayıb
Təhsil naziri Misir Mərdanov 2008-ci Pekin Yay Olimpiya Oyunlarında çıxış etmiş qadın güləşçilərimiz Mariya Stadniklə Yelena Komarovanın Azərbaycanda təhsil almaları üçün edilən müraciəti cavabsız qoyub. Qadın güləşi üzrə yığma komandamızın baş məşqçisi Nazim Əlicanovun lent.az-a verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov 2008-ci ilin yayında Ukrayna əsilli pəhləvanların ölkəmizdə təhsil almaları xahişi ilə Mərdanova məktub ünvanlayıb.

Rəhimov Pekin olimpiadasının bürünc mükafatçısı M.Stadnikin Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBİA) I kursuna, həmin vaxt Ukraynanın Xerson şəhərindəki Kənd Təsərrüfatı İnstitutunun 4-cü kursunda oxuyan Y.Komarovanın isə DBTİA-nın magistraturasına qəbul olunmasına köməklik göstərilməsini xahiş edib.

Lakin müraciətdən bir xəbər çıxmadığından, ukraynalı pəhləvanların ölkəmizdə təhsil almaları baş tutmayıb. Stadnik doğulduğu Lvov şəhərindəki Dövlət Bədən Tərbiyəsi İnstitutunun I kursuna daxil olub, Komarova isə Xerson Kənd Təsərrüfatı İnstitutunda 5-ci kurs tələbəsi kimi təhsilini davam etdirməli olub.

Hər iki güləşçi hazırda qış imtahan sessiyasında iştirak etdikləri üçün yığmamızın hazırlıq prosesinə fevralda qatılacaqlar.
0