Olimpiya çempionumuz 5 aydır məşq etmir
14.01.2009 - 12:15
Olimpiya çempionumuz 5 aydır məşq etmir
“Karyeramı hələ də başa vurmuram. Pekin Olimpiadasından sonra bu barədə düşündüm və gələcəkdə də beynəlxalq yarışlarda çıxış etmək qərarına gəldim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan stend atıcılığı yığmasının üzvü, Sidney Yay Olimpiya Oyunlarının qızıl medalçısı Zemfira Meftahəddinova deyib.

46 yaşlı idmançı bildirib ki, hazırda vaxtını 2 yaşlı oğluna sərf edir: “Olimpiadadan qayıdandan bəri məşq etmirəm. Çünki son 5 ayda heç bir turnir olmayıb. Ümumiyyətlə, qışda yalnız isti ölkələrdə məşq edir, yarışlara qatılırlar. Mən isə indi əsasən övladımı böyütməklə məşğulam”.

Meftahəddinova beynəlxalq turnirlərdə iştirakla bağlı qərarı yığmamızın baş məşqçisi Hafiz Cəfərovla məsləhətləşdikdən sonra verəcək: “Düzü, aktiv məşqlərə nə zaman başlayacağımı və bu il hansı turnirlərə gedəcəyimi dəqiq bilmirəm. Hafiz müəllimlə danışdıqdan sonra bu məsələlərə aydınlıq gələcək. Həm də nəzərə almaq lazımdır ki, 2009-cu il lisenziya ili deyil. London Olimpiadasına təsnifat xarakterli yarışlar gələn ildən başlanır”.

Qeyd edək ki, karyerası ərzində bütün mümkün titullara yiyələnmiş Meftahəddinova Pekində 15-ci yeri tutmuşdu.
0