FİFA prezidenti Rövnəq Abdullayevə söz verdi
17.01.2009 - 13:42
FİFA prezidenti Rövnəq Abdullayevə söz verdi
Bu gün Rusiyanın paytaxtı Moskvada FİFA və AFFA prezidentləri Yozef Blatterlə Rövnəq Abdullayev arasında görüş keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, vitse-prezident Elşad Nəsirovla baş katib Elxan Məmmədovun da iştirak etdiyi görüşdə ötən il Azərbaycan futbolunda baş verən yeniliklər, həyata keçirilən layihələr haqda FİFA prezidentinə məlumat verilib.

Blatterə AFFA tərəfindən ötən il ölkəmizdə çimərlik futbolu üçün müasir standartlara cavab verən stadion, respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar, həmçinin Bakıda futbol akademiyası inşa olunaraq istifadəyə verilməsi, “Futbol oynayaq, sağlamlığı qoruyaq” layihəsi çərçivəsində bir sıra işlərin görüldüyünü bildirilib.

Azərbaycanda ilk dəfə olaraq inşa edilmiş futbol akademiyası barədə ətraflı məlumatı özündə əks etdirən kataloq FİFA prezidentinə təqdim olunub. Blatterə bu akademiyanın işinin yüksək səviyyədə qurulması üçün AFFA rəhbərliyinin Avropanın bir sıra qabaqcıl ölkələrinin analoji tədris müəssisələrində olaraq təcrübə mübadiləsi aparılması haqda məlumat verilib.

Görülən işləri təqdirəlayiq hesab edən Blatter bildirib ki, futbolun inkişafı naminə həyata keçirilən tədbirlər zamanı bütün digər milli assosiasiyalara olduğu kimi, AFFA-ya FİFA tərəfindən hərtərəfli yardım göstəriləcək və dəstək veriləcək.

Qeyd edək ki, Blatter UEFA prezidenti Mişel Platini ilə birgə bu gün Moskvada startı verilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda oyunlarının açılış mərasimində iştirak edəcək.
0