Azərbaycanda ilk polşalı futbolçu! - FOTO
17.01.2009 - 15:16
Azərbaycanda ilk polşalı futbolçu! - FOTO
“Qəbələ” klubu dörd futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi Mikayıl Namazov, Yaşar Abuzərov, moldovalı Anatoli Ostap və polşalı Tomaş Stolpa ilə rəsmi müqavilə imzalayıb.

Mikayılla 2010-cu ilin yayınadək müqavilə bağlayan “Qəbələ” digərləriylə cari mövsümün sonuna qədər anlaşıb. Müdafiəçi Namazov ilk dövrədə Bakının MOİK, orta sahə oyunçusu Abuzərov isə “Olimpik” klubunda çıxış edib. Yaşar kimi, dayaq yarımmüdafiəçisi mövqeyində oynayan 30 yaşlı Ostap vətənində həm bir sıra klubların, həm də yığmanın şərəfini qoruyub. Qazaxıstanın “Tobol” klubunda çıxış etmiş Anatoli son mövsümü Litvada keçirib. O, bürünc medal qazanan “Vetra” klubunun əsas heyət oyunçularından olub. Qəbələlilər az öncə baxışa çağırdığı Ostapın ağıllı oyunu, dəqiq ötürmələri və meydanı yaxşı görmək qabiliyyətini bəyənib.

1,88 metr boya malik 25 yaşlı Stolpa isə yaxşı fiziki göstəricilərə malik olması, universallığı, dəqiq və qüvvətli zərbələri ilə qəbələlilərin ona olan ümidlərini artırıb. Vətənində “Zaqlebye” klubunda çıxış edən Tomaş Norveçdə “Tromse”, İsveçdə “Gefle” komandasında forma geyib. Son mövsümü İslandiyada keçirən ölkə çempionu “Qrindavik” klubunda oynayıb. Stolpa Azərbaycan klubunun müqavilə bağladığı ilk polşalı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində doqquz futbolçunu transferə çıxarıb.
0