Elnur Məmmədli kinoya çəkilməyə dəvət alıb
19.01.2009 - 17:29
Elnur Məmmədli kinoya çəkilməyə dəvət alıb
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədlinin apasport.az saytına müsahibəsi

- Olimpiadadan bəri heç bir yarışda iştirak etməmisiniz. Bu baxımdan güləşəcəyiniz ilk beynəlxalq turnir hansı olacaq?
- Birinci yarışım bu ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq.

- Amma gələn ay Fransada təşkil olunacaq “Qrand Şlem”də tatami üzərinə çıxacağınız bildirilirdi.
- Düzdür, Fransaya yollanacağam. Orada “Qrand Şlem”də deyil, təlim-məşq toplanışlarında iştirak edəcəyəm. Qarşıdakı aylarda yalnız toplanışlara qatılaraq, dünya çempionatına hazırlaşacağam.

- Daha bir neçə ay güləşməyəcəyinizə səbəb nədir?
- Bir az zədələrim var. Bildiyiniz kimi, sağ ayağımdan iki dəfə – 2006-cı ildə Rusiyada, 2007-ci ildə isə Almaniyada əməliyyat olunmuşam. İndi ayağımda bir qədər ağrılar hiss edirəm.

- Bəs Avropa çempionatında da iştirak etməyəcəksiniz?
- Yəqin ki, yox. Məncə, qitə birinciliyində Azərbaycanın şərəfini son ölkə çempionu titulunu qazanmış Elçin Qasımov qoruyacaq.

- Yeri gəlmişkən, Azərbaycan çempionatında iştirak etməməyiniz birmənalı qarşılanmadı. Xüsusilə, olimpiya çempionunun özü idmançı olduğu halda, digər cüdoçuya medal verməsi tənqid edildi. Sizcə, bu nə dərəcədə doğrudur?
- Çempionatdan kənarda qalmağım zədə amili ilə əlaqədardır. Mükafatlandırma mərasiminə gəlincə, Azərbaycanın müstəqil idman tarixində cüdo üzrə olimpiya çempionu yox idi. Olimpiadanın qalibinin medal verməsi Azərbaycan çempionu üçün fəxrdir. Həmin idmançı da qarşısına məqsəd qoyur ki, mən də olimpiya çempionu olmalıyam.

- Ümumiyyətlə, bəzi idmançıların milli çempionata qatılmamasına münasibətiniz necədir?
- Mən özümə cavabdehəm. Digər idmançılar özləri bilərlər, onların şəxsi məşqçiləri var. Yenə deyirəm, zədəmə görə güləşə bilmədim. 2008-ci ilin əvvəlində, Pekin Yay Olimpiya Oyunları öncəsi ölkə çempionatına qatılmışdım və 81 kq çəki dərəcəsində ikinci yeri tutmuşdum. Həmçinin, ondan əvvəlki birincilikdə də çıxış etmişəm.

- Son vaxtlar siyasi tədbirlərə daha çox vaxt ayırırsınız. Tezliklə idmanı atıb, sırf siyasətlə məşğul olmağı nəzərdə tutmamısınız?
- Xeyr. İdman üçün də vaxt ayırmaq olar, siyasət üçün də. Yəni, hər iki işi paralel aparmaqdan ötrü plan tərtib olunub.

- Olimpiya çempionu olduqdan sonra reklam çarxlarına və ya kinolara çəkilməyə dəvət almısınız?
- Təkliflər çox olub. Lakin bunlardan imtina etmişəm. Çünki marağım olmayıb.

- Ancaq bu yaxınlarda şou-biznes jurnallarının birində model kimi təqdim olunmuşdunuz...
- Jurnalın əməkdaşlarından biri dostum idi. Buna görə jurnala şəkil çəkdirməyə razılıq verdim.

- 2009-cu illə bağlı hədəfləriniz nədir? Bu il qarşınıza hansı məqsədi qoymusunuz?
- Bu il əsas məqsədim dünya çempionu olmaqdır. Bunun üçün ciddi hazırlaşıb, hədəfimə çatmaq istəyirəm. İnşallah, sentyabrda dünya çempionatının qızıl medalını əldə edəcəyimə inanıram.
0