Kifayət Qasımovanın qardaşı Dünya Kubokunda mübarizə aparacaq
21.01.2009 - 12:54
Kifayət Qasımovanın qardaşı Dünya Kubokunda mübarizə aparacaq
Yanvarın 24-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə 2009-cu ildə ilk Dünya Kuboku start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turnirdə ölkəmizin şərəfini 17 idmançı qoruyacaq. Baş məşqçi Ağayar Axundzadə Dünya Kubokuna əsasən son Azərbaycan çempionatında fərqlənən cüdoçuları aparacaq.

Yarışda Samir Dadaşzadə, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Nadir Babayev, Orxan Hacıoğlu (hamısı 66 kq), Elçin Qasımov, Amil Qasımov, Paşa Nəbizadə, Orxan Dünyamalıyev (hamısı 73 kq), Rüstəm Alimli, Tural Nağıyev (hər iksi 81 kq), Tural Səfiquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Fariz Ramizzadə (100 kq), Fuad Qarayev, Rafael Şahverdiyev və Fərid Babayev (hamısı +100 kq) güləşəcək. Həmyerlilərimiz Tiflisə sabah yollanacaqlar. Dünya Kuboku 2 gün davam edəcək.

Heyətdə yer alan Elçin Qasımov qadın cüdoçulardan ibarət milli komandamızın üzvü, Avropa çempionatının bürünc mükafatçısı Kifayət Qasımovanın qardaşıdır. Yığmamızın digər aparıcı cüdoçuları - Elnur Məmmədli, Mövlud Mirəliyev, Elxan Məmmədov, Ramil Qasımov isə gələn ay Fransada təşkil olunacaq “Böyük Dəbilqə” turnirinə gedəcəklər.
0