Elman Rüstəmov federasiya prezidenti postundan istefa verib
30.01.2009 - 18:55
Elman Rüstəmov federasiya prezidenti postundan istefa verib
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib. Bunu apasport.az saytına açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

“Elman Rüstəmov Şahmat Federasiyasına prezident seçildikdən sonra istefa ərizəsi yazıb. Düzdür, onun istefası hələ qəbul olunmayıb. Çünki bunun üçün Üzgüçülük Federasiyasının konfransı keçirilməlidir. Konfrans zamanı Rüstəmovun istefası qəbul ediləcək, eyni zamanda prezidentliyə yeni namizədlər irəli sürüləcək” - deyə Rəhimov vurğulayıb.

Xatırladaq ki, Rüstəmov Şahmat Federasiyasının prezidenti postuna 2007-ci il aprelin 13-də seçilib. Yeni vəzifəyə gəldikdən bir müddət sonra onun Üzgüçülük Federasiyasından istefa verməsi barədə xəbərlər yayılmışdı. Ancaq 2007-ci ilin dekabrında brifinq keçirən Rüstəmov hər iki federasiyada işini davam etdirdiyini söyləmişdi.

Bu ildən etibarən isə onun yalnız bir federasiyada fəaliyyət göstərəcəyi dəqiqdir. Belə ki, Rüstəmovun Üzgüçülük Federasiyasında səlahiyyət müddəti ötən ay başa çatıb. Üzgüçülük Federasiyasının növbəti hesabat-seçki konfransının vaxtı bilinmir.
0