Azərbaycan yığması Misirlə qüvvəsini sınayacaq
05.02.2009 - 00:44
Azərbaycan yığması Misirlə qüvvəsini sınayacaq
Kişi otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandası Qahirədə Misirlə qarşılaşacaq. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, öncə yığmamızın Qahirədə beynəlxalq turnirdə iştirakı nəzərdə tutulsa da, sonradan yarış qeyri-müəyyən səbəbdən ləğv olunub.

“Buna baxmayaraq, otüstü hokkeyçilərimiz fevralın 10-dan 20-dək Misirdə təlim-məşq toplanışı keçəcəklər. Hazırlıq prosesi çərçivəsində bu ölkənin əsas və gənclərdən ibarət komandaları ilə birgə mini-turnirin baş tutacağı da gözlənilir” - deyə Nuriyev vurğulayıb.

Qeyd edək ki, qarşıdakı təlim-məşq toplanışı iyulda Xorvatiyada keçiriləcək qitə çempionatının Çelenc I divizionuna hazırlıq xarakteri daşıyacaq.
0