Boks üzrə Azərbaycan çempionatının bütün qalibləri – YENİLƏNİB
05.02.2009 - 22:17
Boks üzrə Azərbaycan çempionatının bütün qalibləri – YENİLƏNİB
Boks üzrə Azərbaycan çempionatının final döyüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında rinqə öncə 48 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Əmirov və Elvin Məmişzadə çıxıblar.

Döyüş Elvinin tam üstünlüyü şəraitində keçib. Nəticədə Məmişzadə 11:1 hesablı qələbə qazanmaqla, çempion tituluna layiq görülüb. Bu gün digər çəki dərəcələrində də qaliblər bilinəcək.

Final döyüşlərini Boks Federasiyasının yeni prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, həmçinin gənclər və idman naziri Azad Rəhimov da izləyir.

*****

51 kq
Bu çəki dərəcəsində çempion məlumdur - Nihat Seyidov. O, həlledici görüşdə Rauf Ağayevi 13:1 hesabı ilə məğlub edib.

54 kq

Finalda milli komandamızın aparıcı üzvlərindən biri, Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov Rəhim Nəcəfovla qarşılaşıb. Rəqibinə nisbətən daha təcrübəli olan Samir üçün döyüş heç də asan keçməyib. Birinci hissədə boksçular hərəyə 6 dəqiq zərbə vurublar. Lakin ikinci və üçüncü raundda üstünlüyə yiyələnən Məmmədov sonda qalib gəlib - 15:12.

57 kq
Bu çəki dərəcəsində İlkin Ağayev bütün döyüşlərdə qələbə qazandı. O, finalda Elşən İsmayılovu məğlub edib.

60 kq
Yarımfinalda yığmanın üzvü Famil Süleymanovu gözlənilmədən yarışdan kənarlaşdıran İsmət Eynullayev gümüş medalla kifayətlənib. Onun birinci yeri tutmasına Ruslan Qasımov maneçilik törədib - 13:7.

64 kq
Ramal Amanov - Sadiq Eynullayev döyüşü çox gərgin keçib. Milli komandamızın şərəfini qoruyan Romal hətta ikinci raundu məğlubiyyətlə başa vurub. Buna baxmayaraq, Amanov son raundda topalanıb. Bunun məntiqi nəticəsidir ki, MOİK təmsilçisi Eynullayevi 1 xal fərqi ilə (10:9) məğlub etməyi bacarıb.


69 kq
Bu çəki dərəcəsində Emil Məhərrəmov və Murad Ağamaliyev arasında final görüşü yarımçıq dayandırıldı. Buna Muradın birinci raundda zədələnməsi səbəb oldu. Çiyin nahiyəsindən zədələnən gənc idmançı döyüşü davam etdirə bilmədi. Beləliklə, ilk raunddan sonra 3:0 hesabı ilə üstün durumda olan Emil Məhərrəmov texniki qələbə qazandı.

75 kq
Gərginliyi ilə yadda qalan daha bir döyüş. Rahib Bəylərov - Tofiq Əhmədov görüşü az qala qalmaqalla nəticələnəcəkdi. Çünki Əhmədov qarşılaşmanın gedişində təxminən 20 dəfə yer yıxılıb. Rəqibinin bu hərəkətindən bezən Rahib üçüncü raundda rinqi tərk etmək fikrinə düşüb. Məşqçisi Bəylərovu güclə sakitləşdirib. Amma o, məğlubiyyətdən xilas ola bilməyib. Tofiq Əhmədov 16:8 hesabı ilə qalib gəlib.

81 kq
Həlledici görüşdə Elnur Qədirovu çətinlik çəkmədən məğlub edən Hafiz İsgəndərov ölkə çempionu olub.

91 kq
Fəxri kürsünün ən yüksək pilləsinə Elçin Əlizadə qalxıb. Onun finaldakı “qurban”ı Zaur Teymurov olub.

+91 kq
Ən ağır çəki dərəcəsində Vüqar Ələkbərov - Cavid Tağıyev finalı gözlənilirdi. Lakin Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar zədə ucbatından hələ yarımfinalda yarışla vidalaşmışdı. Bu fürsətdən Cavid Tağıyev yararlana bilməyib. O, finalda Elçin Əhmədova uduzaraq, ikinci yerlə kifayətlənib.
0