Parisdə medal qazana bilmədik
08.02.2009 - 21:09
Parisdə medal qazana bilmədik
Fransanın paytaxtı Parisdə təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan Elxan Məmmədov və Elxan Rəcəbli (hər ikisi 90 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.

Hərçənd, turnir Elxan Məmmədov üçün yaxşı başlayıb. 27 yaşlı idmançımız öncə Baye Diavaraya (Seneqal), ardından Ceyms Austinə (Böyük Britanıya) qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə Məmmədov almaniyalı Mixael Pinskə uduzub.

Elxan Rəcəbli üçün yarış daha erkən qurtarıb. O, elə ilk mərhələdəcə Kuba təmsilçisi Xorxe Benavidesin ippon fəndinə düşərək, məğlubiyyətə düçar olub. Yekunda Azərbaycan 48 ölkə arasında 23-cü yeri tutub.

Sabahdan etibarən Parisdə 5 günlük təlim-məşq toplanışı start götürəcək. Burada baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında Elxan Məmmədov və Elxan Rəcəbli ilə yanaşı, Pekin Olimpiadasının qalibi Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyev də iştirak edəcəklər.
0