Azərbaycan yığmaları Türkiyədə 2-ci yeri tutdu - FOTO
08.02.2009 - 23:49
Azərbaycan yığmaları Türkiyədə 2-ci yeri tutdu - FOTO
Türkiyənin paytaxtı Ankarada təşkil olunan sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 37-ci dəfə keçirilən yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb. Belə ki, pəhləvanlarımız ümumilikdə 10 medal qazanıblar.

Sərbəst güləşçilərimizdən Xetaq Qazyumov (96 kq) birinci, Novruz Temrezov (84 kq) ikinci, Cəbrayıl Həsənovla (66 kq) Mixail Qazayev (120 kq) isə üçüncü yeri tutub.

Qadın idmançılarımızdan Olesya Zamula (63 kq) və Zümrüd Qurbanhacıyeva (67 kq) bütün rəqiblərini məğlub edərək, qızıl medala layiq görülüblər. Əminə Abbasova (48 kq) gümüş, Nadejda Qradyuk (55 kq), Sona Əhmədli (59 kq) və Dina İvanova (72 kq) isə bürünc medala sahib çıxıblar.

19 ölkədən 250 güləşçinin mübarizə apardığı yarışda Azərbaycan komanda hesabında həm sərbəst, həm də qadın güləşində 2-ci pillədə qərarlaşıb. Bu münasibətlə sərbəst güləş yığmamızın məşqçisi Firdovsi Umudov və qadın güləşi üzrə milli komandamızın baş məşqçisi Nazim Əlicanova kubok təqdim olunub.
0