Azərbaycan London olimpiadasına lisenziya xarakterli boks turniri keçirmək istəyir
14.02.2009 - 14:03
Azərbaycan London olimpiadasına lisenziya xarakterli boks turniri keçirmək istəyir
Azərbaycan boks üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa seçmə turnirlərindən birinə namizədliyini verəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.

Onun sözlərinə görə, Avropa ölkələrinin boksçuları London olimpiadasına 2011-ci ilin sentyabrında keçiriləcək dünya çempionatı və 2012-ci ilin fevral və mart aylarında təşkil olunacaq iki qitə miqyaslı turnirlərdə vəsiqə qazana bilərlər. Artıq dünya çempionatını təşkil etmək arzusunda olanlar üçün sifariş ərizələrinin Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) təqdim olunma müddəti başa çatıb. Bu səbəbdən, A.Abiyev ölkəmizin bundan sonra 2011-ci il Mundialına iddiaçı qismində çıxış edə bilməsinin mümkünsüz olduğunu söyləyib.

ABF rəsmisi onu da bildirib ki, AİBA dünya çempionatını təşkil etmək istəyənlər üçün 2 milyon dollardan çox üzvlük haqqı müəyyənləşdirib: “Bu, kifayət qədər yüksək məbləğ olduğundan, həmin pulu yalnız böyük dövlətlər ödəməyə razılaşarlar. Ona görə də Rusiya və Cənubi Koreya kimi ölkələr dünya çempionatına namizədliklərini veriblər. Qitə miqyaslı lisenziya turnirlərinə ərizələrin qəbuluna isə hələ start verilməyib. Qəbul başlanan kimi biz də təşkilatçı olmaq istəyimizi rəsmən AİBA-ya bildirəcəyik. Buna nail olsaq, olimpiadaya daha çox boksçumuzun vəsiqə qazanma şansları yüksələcək”.

Qeyd edək ki, 2004-cü il Afina Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən biri Bakıda keçirilmişdi.
0