“Qalatasaray”ın futbolçusu medalını 400 manata satır - FOTO
17.02.2009 - 13:03
“Qalatasaray”ın futbolçusu medalını 400 manata satır - FOTO
İstanbulun “Qalatasaray” klubunun sabiq futbolçusu Alper Tezcan 2000-ci ildə qazandığı UEFA kuboku medalını satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, internet vasitəsilə keçirilən hərracda medalın ilkin qiyməti 500 türk lirəsi (250 manat) olub. İndiyədək potensial müştərilərdən 33 təklif gəlib. Buna görə də medalın qiyməti 790 lirəyə (təxminən 400 manat) qalxıb. Hərraca fevralın 23-də yekun vurulacaq.
29 yaşlı Tezcan medalı satmasında məqsədini belə izah edib: “Sağlıqla əlaqədar medalı satmaq qərarına gəldim. Medalı sonra da qazana bilərəm. Amma anamın, atamın səhhəti yaxşı deyilsə, deməli, başqa çıxış yolu yoxdur. Bəzən məni səhv başa düşürlər. Mənim pul deyil, can sağlığına ehtiyacım var. 12 dəfə cərrahiyyə əməliyyatı olunmuşam”.

Futbolçu “Qalatasaray” rəhbərliyinin laqeydliyindən şikayətlənib. Eyni zamanda, o, bəzi insanların onun işinə maneçilik törətdiyini söyləyib: “Anam, atam xəstələnərkən və ya huşunu itirərkən, həmçinin mən nasaz olanda heç kim dəstək göstərmir. “Qalatasaray” rəhbərliyindən kimsə mənimlə maraqlanmır. Halbuki, “sarı-qırmızılı” komandada oynadığım vaxt maaşım yubadılanda mənə “övladım” deyirdilər... İndi bəziləri istədiyim kluba transfer olmağıma əngəl yaradır”.

“Qalatasaray” rəsmisi Adnan Sezgin isə Alper Tezcanı ittiham edib: “Onun məqsədinin nə olduğunu bilirik. O, özünü reklam edir”.

Qeyd edək ki, 2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA kubokunu qazandıqdan sonra Alperin karyerası uğursuz olub. Perspektivli futbolçunun ayağı sındığı üçün uzun müddət müalicə alıb və diqqətdən kənarda qalıb.
0