Əli İsmayılov: Qələbə qazandıqdan sonra Emin Ağalarov məni təbrik etdi - MÜSAHİBƏ
19.02.2009 - 14:08
Əli İsmayılov: Qələbə qazandıqdan sonra Emin Ağalarov məni təbrik etdi - MÜSAHİBƏ
Peşəkar boks üzrə “WBO-Latino” versiyası üzrə kəmərin sahibi Əli İsmayılovun Lent.az saytına müsahibəsi

- Argentinalı Viktor Ramireslə WBO versiyası üzrə döyüş keçirmək təklifi kimdən gəldi?
- Mən 90,7 kq-dək çəki dərəcəsində ən reytinqli 10 boksçu sırasında 4-cü yerdə idim. 3-cü pillədəki türk əsilli Almaniya boksçusu Fırat Aslan iki ay öncə WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə kəmərin sahibi olan panamalı rəqibinə məğlub oldu. 2-ci pillədə olan rusiyalı Aleksandr Alekseyev isə yanvarın sonlarında Almaniyada keçirilmiş qarşılaşmada reytinqdə I yerdə gedən Viktor Ramiresə uduzdu. Özümdən əvvəlki iki rəqibimin yenilməsindən sonra reytinqim yüksəldi. Buna görə də Ramireslə döyüşməyə əsas namizədə çevrildim. Beləliklə, avtomatik olaraq, promouterim Aleksandr Yakubov argentinalı boksçunun promouteri ilə əlaqə saxladı. Onlar Ramiresin yalnız öz vətənində mənimlə döyüşməyə hazır olduğunu bildirdilər. Mən isə “Belə şansı əldən buraxmaq olmaz. Görüşün harada keçirilməsinin fərqi yoxdur. Argentinada da döyüşməyə hazıram” dedim.

- İndiyədək Argentinada olmusan?
- Nəinki Argentinada, Amerika ölkələrinin heç birində olmamışam. Hətta həvəskar boksla məşğul olduğum vaxt da Latın Amerikasına yolum düşməyib. Lakin o qitənin kəməri – “WBO-Latino”nun sahibi mənəm. Ramireslə döyüş vaxtı mən öz kəmərimi, rəqibim isə WBO versiyası üzrə kəmərini ortaya qoyacaq. Qaydalara əsasən, qələbə qazanacaq boksçu hər iki kəmərə sahib çıxacaq. Uduzan isə öz kəmərindən məhrum olacaq.

- Uduzacağın halda, “WBO-Latino” kəmərindən də məhrum olma təhlükəsindən narahat deyilsən?
- Düzdür, böyük əziyyət, gərgin döyüşlər bahasına əldə etdiyim kəməri əldən vermə riski böyükdür. Lakin riskə getmək də lazımdır. Reytinq siyahısındakı mövqeyim yüksək olduğundan, istər-istəməz vuruşmalıyam. Döyüşdən imtina etsəm, məğlubiyyət kimi qeydə alınacaq. Alekseyev Ramiresə uduzduqdan sonra promouterim məndən argentinalı boksçu ilə döyüşə psixoloji və fiziki cəhətdən hazır olub-olmadığımı soruşdu. Dedim ki, əlbəttə! Peşəkar boks karyeramın məqsədi ən yaxşı 10-luğun tərkibinə düşmək və I pilləyə yüksəlməkdən ibarət olub. Bütün diqqətimi zirvəyə yönəltmişəm. Ona görə də vuruşmalıyam. Peşəkar boksun qanunu belədir - birinci olmaq üçün qələbə qazanmalısan. Buna nail olsam, WBA kəmərinin panamalı sahibi ilə döyüşəcəyəm. Daha sonra WBC (Ümumdünya Boks Şurası) və İBF (Beynəlxalq Boks Federasiyası) versiyaları gəlir. Yəni ən yüksək reytinqli versiya sayılan İBF kəməri uğrunda döyüş keçirmək üçün WBO, WBA və WBC versiyaları üzrə kəmərlərin sahibi olmalıyam. Bütün kəmərlərin sahibləri isə mütləq çempion sayılır. Əsas məqsədim bütün kəmərləri Azərbaycana gətirməkdir.

- Rəqibin haqda hansı məlumatları toplamısan?
- Cavan oğlandır, 24 yaşı var. Fiziki gücə və dözümlülüyə malik idmançıdır. Amma qələbə qazandığı döyüşlərin əksəriyyəti öz vətənində baş tutub. Ramiresin Alekseyevlə döyüşünün videokaseti məndə var. Bundan başqa, promouterim argentinalı rəqibimin son 3-4 görüşünün kasetlərini əldə edib. Döyüşlərinin videogörüntülərinə baxmışıq. Zəif və güclü tərəflərinin 70 faizini öyrənmişik. Hələ qarşıda 1,5 ay vaxtımız var. İnşallah, necə lazımdırsa, hazırlaşacağıq.

- Hazırlıq planın necədir?
- Hazırlıq planımız iki mərhələdən ibarətdir. Birincisi ümumi fiziki hazırlıq idi. Bir ay müddətində fiziki hərəkətlər üzərində çox gözəl işlədik. 10, 15, 20 km məsafələrə kross üsulu ilə qaçdıq, xüsusi trenajorlarda çalışdıq. Bu zaman qarşıma nəfəs yollarımı, dözümlülüyümü, fiziki gücümü artırmaq məqsədini qoymuşdum. Şükür Allaha, buna nail oldum. Martın 1-dən ikinci mərhələyə başlayırıq. Bu isə boks zallarında sınaqçı-rəqiblər, boks kisələri, pnevmatik hədəflərlə işləmək, fərdi qaydada hazırlıq, zərbələrdən ustalıqla yayınmaqdan ibarətdir. Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevlə danışmışıq. 28 mart – 3 apreldə Bakıda həvəskar boks üzrə beynəlxalq “İpək yolu” turniri keçiriləcək. Turnirə hazırlıq məqsədilə yığmamızın üzvləri iki həftədən sonra Bakıda öz aralarında sınaq döyüşləri keçirəcəklər. Həmin toplanışa mən də qatılacağam. Mən onlara, onlar da mənə kömək edəcəklər.

- Özünü döyüşə nə dərəcədə hazırlıqlı sayırsan?
- Görüşün necə alınacağını əvvəlcədən bilmək olmaz. Hər halda, döyüş taktikamızı müəyyənləşdiririk. Yəni 1-ci raunddan 12-ci raundadək görüşü hansı üslubda keçirmək üzərində işləyirik. Bilirik ki, gərgin mübarizə gedəcək, ağır döyüş olacaq. Buna həm fiziki, həm də psixoloji cəhətdən hazıram. Allahın köməkliyi ilə döyüş mənim üçün uğurlu alınar.

- Görüşün maliyyə tərəflərini açıqlaya bilərsən?
- Mükafat fondu dəqiq məlum deyil. Hazırda danışıqlar gedir. Peşəkar boksda həm qalib, həm də məğlub idmançıya mükafat verilir. Yəqin ki, qələbə qazanan 50 min dollar, uduzan isə 25 min dollara sahib olacaq.

- Argentinaya viza və səfər xərcləri ilə bağlı problem yaranmayacaq?
- Biz Argentinaya viza imkanlarını araşdırdıq. Dedilər ki, ya Türkiyə, ya da Rusiyadan viza almaq mümkündür. Vizanı Türkiyədə açdırmaq üçün orada ən azı 2 həftə qalmaq lazımdır. Bundansa Rusiyanın Sankt-Peterburq şəhərində sınaqçı-rəqiblərlə birgə məşq etdiyimiz vaxt viza məsələləri ilə məşğul olmağımızı daha münasib saydıq. Viza aldıqdan sonra Moskva – Madrid – Buenos-Ayres reysi ilə Argentina paytaxtına yollanacağıq. Biz 4 nəfər olacağıq: mən, şəxsi məşqçim Rauf Cabbarov, onun köməkçisi Etibar Salehov və promouterim Aleksandr Yakubov. Yol uzaq olduğu üçün bir biletin qiyməti təqribən 2 min dollar olacaq. Üstəlik, bir həftə müddətində mehmanxana, yemək xərclərini də üst-üstə gəldikdə səfərimizin hardasa 10 min dollara başa gələcəyi gözlənilir. Gənclər və İdman Nazirliyi bu məbləğin yarısını ödəyəcəyinə söz verib. Bilirsiniz, naşükürlük etmək istəməzdim. Ölkəmizdə digər idman növləri yüksək səviyyədə maliyyələşdirilir. Peşəkar boks bütün dünyada çoxdan formalaşsa da, Azərbaycan üçün yeni idman növüdür. ABŞ, Rusiya, Almaniya kimi ölkələrdə peşəkar boksa xeyli vəsait ayrılır, şou tipli, kommersiya xarakterli döyüşlər təşkil olunur. Biletlərin baha qiymətə olmasına baxmayaraq, xeyli tamaşaçı gəlir. Ölkəmizdə də peşəkar boksda ilk addımlarını atanlara köməklik göstərilməlidir. Əfsuslar olsun ki, bizdə bu sahədə müəyyən çətinliklər var. Amma əgər Əli İsmayılov peşəkar boksda müəyyən zirvələrə yüksələ bilibsə, demək onun davamçılarının olması da mümkündür.

- Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib. Kəmaləddin Heydərovla görüşməmisiniz?
- Yaxşı ki, Kəmaləddin müəllim Azərbaycan Boks Federasiyasının prezidenti seçilib. O idmana qayğı ilə yanaşan insandır. Açığı hələ onunla görüşməmişəm. Amma Gənclər və İdman Nazirliyindən bizə bildirdilər ki, Argentinaya səfər xərclərinin qalan hissəsini federasiya ödəyə bilər.

- Bəs sponsorlar?
- Ötən il Moskvada rusiyalı Sultan İbrahimovla ABŞ təmsilçisi Evander Holifild arasında keçirilən peşəkar boks gecəsinin proqramına mənim də Qazaxıstan idmançısı Talqat Dosanovla görüşüm daxil edilmişdi. Mən həmin döyüşün 6-cı raundunda nokautla qələbə qazandım. Gecənin baş sponsoru Rusiyada yaşayan həmyerlimiz Araz Ağalarova məxsus “Crocus Sity” ticarət mərkəzi idi. Döyüşün keçirildiyi arenanın birinci cərgəsində prezidentimiz İham Əliyevin qızı Leyla xanımla həyat yoldaşı, Araz Ağalarovun oğlu Emin Ağalarov əyləşmişdi. Mənim döyüşümü də izlədilər. Görüşü qələbə ilə başa vurduqdan sonra rinqdən enərkən, mənə yaxınlaşaraq, təbrik etdilər. Dedilər: “Halaldır, çox gözəl döyüşdün”. Yəni, bu cür yüksək səviyyəli yarışda azərbaycanlı boksçu ölkəmizin bayrağını ucaltdı. Ona görə ölkəmizdə peşəkar boksa da köməklik göstərilməsinə zərurət var. Mənim üzərimə düşən vəzifə daha parlaq qələbələr qazanaraq, ümidləri doğrultmaqdan ibarətdir. Əlinin yüksək səviyyəyə çatması üçün maliyyə dəstəyinə ehtiyacı var.
0