Cüdo yığmamız Qran-Pridə ilk medalı qazandı
21.02.2009 - 22:29
Cüdo yığmamız Qran-Pridə ilk medalı qazandı
Bu gün Almaniyanın Hamburq şəhərində cüdo üzrə Qran-Pri turniri start götürüb. Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışda Azərbaycanın şərəfini 7 idmançı qoruyur. İlk gündə 3 həmyerlimiz qüvvəsini sınayıb. Bunlardan yalnız biri - 66 kq çəki dərəcəsində Ramil Qasımov fərqlənib.

Pekin Olimpiadasından bəri birinci dəfə beynəlxalq turnirdə güləşən Ramilin dönüşü uğurlu alınıb. O, ardıcıllıqla Hakan Santepe (Türkiyə), Şalva Kardava (Gürcüstan) və George Dan Fasyeyə (Rumıniya) qalib gəlib. Lakin cüdoçumuz yarımfinalda Cənubi Koreya təmsilçisi Hyunq-yu Kimə uduzub. Nəticədə Qasımov bürünc medala layiq görülüb.

Yığmamızın digər üzvləri Asim Qocayev (60 kq) və Sərxan Əhmədov (66 kq) isə yarışla erkən vidalaşıblar. Sabah, turnirin son günündə Ramin Qurbanov, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) öz bacarığını nümayiş etdirəcək.

Olimpiya çempionu Elnur Məmmədli, bürünc mükafatçı Mövlud Mirəliyev, eləcə də ən güclü qadın cüdoçumuz Kifayət Qasımova da Hamburqa aparılıb. Ancaq onlar yarışda çıxış etmirlər. Adıçəkilənlər turnirdən sonra start götürəcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
0