Azərbaycan yığması Ermənistanla eyni səbətdə
26.02.2009 - 11:12
Azərbaycan yığması Ermənistanla eyni səbətdə
Futbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının 2011-ci il dünya çempionatının seçmə mərhələ oyunlarında potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız seçmə mərhələdə Ermənistanla görüşməyəcək. Buna səbəb hər iki komandanın eyni səbətdə yer almasıdır.

Azərbaycan sonuncu - E səbətində Ermənistanla yanaşı, Xorvatiya, Bosniya və Herseqovina, Qazaxıstan, Estoniya, Malta, Makedoniya və Gürcüstanla bir yerə düşüb.

A səbətində Rusiya, İsveç, Norveç, Danimarka, İngiltərə, Fransa, Ukrayna, İtaliya, B səbətində Finlandiya, İslandiya, İspaniya, Çexiya, Hollandiya, Şotlandiya, İrlandiya, Polşa, C səbətində İsveçrə, Avstriya, Serbiya. Belarus, Belçika, Yunanıstan, Portuqaliya, Macarıstan, D səbətində Sloveniya, Slovakiya, İsrail, Uels, Rumıniya, Şimali İrlandiya, Türkiyə, Bolqarıstan yer alıb.

Püşkatma martın 17-də UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək. 41 iştirakçı hərəsində 5 komanda olmaqla 8 qrupa bölünəcək. Yalnız bir qrupda 6 komanda yer alacaq. 2010-cu il avqustun 25-də seçmə mərhələ oyunları başa çatandan sonra qrup qalibləri pley-off oyunlarında Almaniyada keçiriləcək final mərhələsinə vəsiqə qazanan 4 komandanı müəyyənləşdirəcək. Məğlub olanlar isə yenə pley-off oyunlarında iştirak edərək ən güclünü üzə çıxaracaq. Həmin yığma KONKAKAF zonasının komandası ilə Almaniyaya vəsiqə uğrunda görüşəcək. Altıncı dünya çempionatının oyunları 2011-ci ilin iyunun 26-dan iyulun 17-dək Almaniyanın doqquz şəhərində keçiriləcək.

Qeyd edək ki, qadınlardan ibarət milli komandamız bunadək bir dəfə seçmə mərhələ oyunlarının iştirakçısı olub və qrupdan çıxa bilməyib.
0