“Erməniyə uduzan idmançımızı güllələməliyik?”
26.02.2009 - 12:11
“Erməniyə uduzan idmançımızı güllələməliyik?”
“Fərid Mansurov, Vitali Rəhimov və İlqar Abdulov zədəli olduqlarından, Dünya Kubokunda gənclər sınaqdan çıxarıldı. Onların bəziləri ümidləri doğrultdu, bəziləri isə zəif çıxış etdilər. Bunu da təbii qarşılamaq lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, milli komandamızın sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

Ötən həftə Fransada keçirilmiş yunan-Roma güləşi üzrə Dünya Kubokunda yığmamızın çıxışını qiymətləndirən Cəfərov nəticənin zəif olduğunu bildirib: “8 komanda arasında 8-ci yeri tutmaq zəif nəticədir. Əlbəttə, federasiya rəhbərliyi məğlubiyyətlərlə heç cür razılaşmır. Bununla belə, komandaya bir yarışa görə qiymət vermək olmaz. İşlərimizi davam etdiririk və bu ilin ən mötəbər yarışlarından biri Avropa çempionatına hazırlaşırıq. Əsas diqqəti apreldə baş tutacaq qitə çempionatına yönəltmişik”.

AGF rəsmisi Ermənistana məğlubiyyətə də toxunub. Cəfərov vurğulayıb ki, məsələni siyasiləşdirmək düzgün deyil: “Şübhəsiz ki, ermənilərə uduzmaq bizə ağırdır. Təkcə Ermənistana yox, Rusiya, Macarıstan və Çin yığmalarına məğlubiyyətlərin səbəbləri araşdırılacaq. Bu komandalarla, xüsusilə Ermənistanla oyunun nəticəsi xüsusi təhlil olunacaq. Qeydlərimizi Avropa çempionatından sonra hazırlanacaq rüblük hesabatda verəcəyik. Ancaq ermənilərlə görüşü siyasiləşdirmək lazım deyil. Çünki bizim pəhləvanlar da düşmən ölkənin nümayəndələrinə müxtəlif yarışlarda qalib gəliblər. İndi hansısa idmançı erməniyə uduzubsa, onu güllələməli və ya asmalı deyilik ki?”

Vitse-prezident güləşçilərin Ermənistana məğlubiyyətə görə xalqımızdan üzr istəyib-istəməyəcəyi barədə qəti söz deməyə çətinlik çəkib: “Fransadan birbaşa Macarıstana yollanan komandamız bu həftəsonu orada beynəlxalq turnirə qatılacaq. Ardından elə Macarıstanda iki həftəlik təlim-məşq toplanışı keçəcək və martın ortalarında Vətənə qayıdacaq. Onların ölkəmizə döndükdən sonra üzr istəməyib-istəməyəcəklərini deyə bilmərəm. Ancaq fikrimcə, ermənilərə məğlubiyyəti şişirtməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, yığmamız Fransada Rusiyaya (1:6), Ermənistana (3:4), Macarıstana (3:4) və Çinə (2:5) uduzaraq, Dünya Kubokunda axırıncı, 8-ci yeri tutub.
0