Xodukin: Berti Foqtsun köməyə ehtiyacı var
26.02.2009 - 14:55
Xodukin: Berti Foqtsun köməyə ehtiyacı var
“Almanca başa düşdüyümdən Berti Foqtsun dediklərini mənə tərcümə etməyə ehtiyac yoxdur. Yaşlı insanam, dünyada çox şey görmüşəm. Sadəcə, almanca fikrimi yaxşı çatdıra bilmədiyim üçün Foqtsla söhbətdə tərcümənin xidmətindən istifadə etməli oldum”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla görüşən 70 yaşlı ukraynalı mütəxəssis onunla fikir mübadiləsi aparıb. Xodukin belə görüşləri səmərəli sayır: “Foqtsla futbolçuların hazırlıq durumunu müzakirə etdik. O, milli üzvlərinin hazırlığı ilə bağlı qayğılıdır və bu mənada klublarda çalışan həmkarlarının köməyinə ehtiyacı var. Foqts yığmaya cəlb olan futbolçulara klublarda nəzarətin artırılmasını istəyir. Alman mütəxəssis gənc oyunçulara xüsusi diqqət yetirilməkdə maraqlıdır. Təsadüfi deyil ki, Foqts sabah əvəzedici komandamızın növbəti tur çərçivəsində “Bakı” ilə oyunumuzu izləməyə gələcək”.

Milli komandanı martın 2-dən 5-dək Almaniyaya təlim-məşq toplanışına aparacaq Foqts siyahıda “İnter”dən yalnız bir futbolçu – Samir Abbasova yer verib. Xodukin alman həmkarının daim çağırdığı Elvin Məmmədovla Cavid Hüseynova kənarda qoymasını normal qarşılayır. “İnter”in çalışdırıcısının fikrincə, gənc oyunçular futbola münasibəti dəyişməli, işgüzarlığı daha da artırmalıdırlar: “Hər bir insanın uğuru, xoşbəxtliyi öz əlindədir. Foqts Rusiya ilə bir ay sonra keçiriləcək rəsmi görüşə qədər milli üzvlərinin daha çox meydanda olması, oyun praktikası qazanmasında maraqlıdır. Elvinlə Cavidin qış fasiləsində bir müddət hazırlıqdan kənarda qalması, mövsümün gedişində öz təsirini göstərir. Məmmədov dabanındakı zədəyə, Hüseynov isə soyuqladığı, hərarəti yüksəldiyi üçün məşqlərimizdən kənarda qaldı. Demişəm ki, futbolçular nə vaxt qarşılarına qoyduğum konkret vəzifəni yerinə yetirəcəklər, onda da oynayacaqlar. Cavid “Simurq”la kubok matçında, Evin isə son turda “Standard”la görüşdə bunu etdi və meydanda oldular”.

Xodukin sərəncamında olan digər gənc oyunçuları hələ milli komanda üçün tam hazır saymır: “Komandamızın qapıçısı Səlahət Ağayev, müdafiəçi Şəhriyar Rəhimov, yarımmüdafiəçi Ruhid Usubov gənc, perspektivli futbolçulardır. Onlar yığma üzvləri olsalar da, milliyə cəlb olunmaları hələ tezdir. Digər gənc futbolçumuz Asif Məmmədova gəlincə, o, oynamamağının səbəbini özündə axtarmalıdır”.
0