“Kocaelispor”da qalmaqal: Rəşad Sadıqov komanda yoldaşı ilə dalaşdı
27.02.2009 - 15:01
“Kocaelispor”da qalmaqal: Rəşad Sadıqov komanda yoldaşı ilə dalaşdı
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” klubunda xoşagəlməz hadisənin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, Superliqanın XX turunda “Qalatasaray”ı səfərdə 5:2 hesabı ilə gözlənilmədən məğlub edən İzmit təmsilçisinin düşərgəsində həmin matçdan əvvəl baş verənlər mətbuata sızıb.

Belə ki, “Cim Bom”la oyunun taktiki hazırlığı vaxtı “Kocaelispor”un oyunçuları arasında qalmaqal yaşanıb. Buna izmitlilərin yeni transfer etdiyi konqolu Mazova NSumbunun aqressivliyi səbəb olub. 2009-cu ildə rəsmi matçlarda artıq 3 sarı vərəqə almağa imkan tapan, hətta məşqlərdə də aqressivliyi ilə seçilən afrikalı futbolçu bu xüsusiyyətinə görə komanda yoldaşları Həmzə Mutlu ilə Rəşadın təzyiqinə məruz qalıb. O, əvvəl bu iki oyunçu ilə mübahisəyə girişib. Hətta tərəflər bir-birinə əl-qol da atıb. Zədələnmək təhlükəsi ilə üzləşən Rəşadla Həmzənın təzyiqinə baxmayaraq, Mazova “Bağışlayın, amma mən beləyəm. Meydanda necə oluramsa, burada da eləyəm” deməklə, onların cavabını verib.
0