Rövşən Bayramov “Qızıl Qran Pri” turnirində qızıl medal qazandı
02.03.2009 - 11:50
Rövşən Bayramov “Qızıl Qran Pri” turnirində qızıl medal qazandı
Macarıstanın Sombateli şəhərində yunan-Roma güləşi üzrə “Qızıl Qran Pri” turnirinin II mərhələsi keçirilib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, yarışda Azərbaycanı 7 mümkün çəki dərəcəsində 5 pəhləvan təmsil edib.

Güləşçilərimizdən Rövşən Bayramov qızıl, Fərid Mansurov isə bürünc medal qazanıblar. Həm Bayramov, həm də Mansurov yeni çəki dərəcəsində çıxış ediblər. Əvvəllər 55 kq çəkidə 2 qat Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuş Rövşən “Qızıl Qran Pri” turnirində 60 kq çəkidə qüvvəsini sınayıb. 2008-ci ilin ən yaxçı yunan-Roma güləşçisi seçilən həmyerlimiz ardıcıl olaraq, Edvard Barseqyan (Polşa), Çad Vandiver, Qlenn Harrison (hər ikisi ABŞ) və Ryota Satonu (Yaponiya) yendikdən sonra finala vəsiqə qazanıb. Həlledici görüşdə isə o, ABŞ-ın daha bir təmsilçisi Jo Betterman üzərində qələbə qazanaraq, I yeri tutub.

Əvvəllər 66 kq çəkidə dünya və Olimpiya çempionluğuna yiyələnmiş Fərid isə bu dəfə 74 kq çəkidə mübarizə aparıb. O, 1/16 finalda Balint Farkaşı (Macarıstan) yensə də, növbəti görüşündə Aleksandr Kikinova (Belarus) uduzaraq, qızıl medal şanslarını itirib. Lakin Kikinov finaladək irəlilədiyindən, Mansurov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. Həmyerlimiz bu mərhələdə əvvəlcə Tsukaza Tsurumakini (Yaponiya), sonra isə Neven Juqayı (Xorvatiya) məğlub edərək, mükafatçılar sırasına düşməyi bacarıb.

Bu çəkidəki digər təmsilçimiz Elvin Mürsəliyev isə elə ilk görüşdəcə Julian Kvitə (Polşa) yenilərək, mübarizəni dayandırıb.

55 kq çəkidəki güləşçimiz Elçin Alıyev 1/8 finala təsadüf edən ilk görüşündəcə Laşa Qoqitadzeyə (Gürcüstan) uduzaraq, mübarizəni dayandırıb.

84 kq çəkidə yer alan Murtuza Tağıyev isə 1/8 finalda Azad Beyşebekovu (Qırğızıstan) yensə də, növbəti görüşündə Aleksandr Qrabovikə (Belarus) uduzaraq, mübarizəni dayandırıb.
0