Azərbaycan milli komandasında oynamaq qətiyyət tələb edir
02.03.2009 - 19:22
Azərbaycan milli komandasında oynamaq qətiyyət tələb edir
Azərbaycan milli komandasının sabiq futbolçusu Markus Ferreyra vətəni Braziliyada müsahibə verib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi “Karvan” və “Neftçi” klublarında çıxış etdiyi dövr haqda danışıb.

- Əvvəllər çıxış etdiyiniz “Karvan” və “Neftçi” klublarının Azərbaycan Premyer Liqasında durumu indi necədir?
- Bu komandaların çempion olacağına inanmıram. “Karvan” heç də ən yaxşı vaxtlarını keçirmir. Komandaya nəsə olub. Futbolçular oyunlarda ürəklə oynamırlar.

- Yəqin ki, Azərbaycana uyğunlaşmağınız çətin olub?
- İlk vaxtlar çətinliklərim var idi. Bu da dil problemi ilə bağlı idi ki, oyunçularla ünsiyyət qurmaqda özünü göstərirdi. Oyun üslubuna gəlincə, azərbaycanlıların futbolu Braziliyadakından fərqlənmir. Amma ilin çox vaxtının soyuq olduğu ölkəyə uyğunlaşa bildim.

- Azərbaycanlı futbolçular arasından dost tapmaq asan işdir? Onlar insan kimi sadədirlər?
- Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da insanları tanımaq üçün bərkə-boşa düşməlisən. Mən orada olduğum müddətdə elə dostlar tapdım ki, indi də əlaqə saxlayıb söhbətləşirik.

- Azərbaycan milli komandasının da şərəfini qorumusunuz. Bu addımı niyə atdınız?
- Bu mənə həmin zamanın gətirdiyi bir imkan idi. Bu addımı atmaqla, peşəkar baxımdan artıracağımı düşünərək, yığmada oynamaq qərarını verdim.

- Federasiyalar braziliyalı futbolçuları milliləşdirməkdə maraqlıdırlar. Bu, ölkəmizdə olan oyunçuların özlərinə narahatçılıq bəxş etmir?
- Təbii ki, başqa ölkənin yığmasında oynamaq qərarını vermək qətiyyət tələb edir.

- Siz Azərbaycan futbolunun parlaq gələcəyi olduğunu düşünürsünüz?
- Bəli. Təkcə ona görə yox ki, federasiya və klublar yaxşı maliyyələşdirilir.

- Onlar islam dininə inanırlar. Legionerləri bu dini qəbul etmək fikirləri olmur ki?
- Yox. Azərbaycanda əsas din islam olsa da, digərlərinə təsir etmək adətləri yoxdur.

- Azərbaycanda futbolçuları izləyib gecə vaxtı nə işlər gördükləri ilə maraqlanırlar? Heç onları belə vaxtda yaxalayırlar?
- Yox. Orada qadınlar stadionlara gəlmirlər. Həm də futbol Braziliyada olduğu kimi, bir nömrəli idman növü deyil. Gecə tədbirlərinə də əyləncə xatirinə istədiyin qədər getmək olar.

- Struktur baxımından Bakı klubları daha inkişaf etmiş görünür. Məsələn, Zaqatala, Lənkəran və ya Tovuzda oynamaq çox pisdir?
- Tam belə deyil. Struktur məsələsində klublar arasında ciddi fərq yoxdur. Yaşamaq baxımından isə paytaxtda qat-qat yaxşı yaşamaq olur.

- Xahiş edirik, azərbaycanlı azarkeşlər haqqında danışın. Onlar necə azarkeşlik edirlər? Çox etiraz edirlər?
- Onlar fanatik deyil, ən azı Braziliyadakı kimi. Orada oynadığım üç ildən artıq müddətdə bir dəfə də azarkeşlərin nəyəsə qarşı etiraz aksiyası keçirdiyinin şahidi olmamışam. Əyalətlərdə stadiona gedənlərin sayı paytaxtla müqayisədə daha çoxdur.

- Azərbaycana gedən braziliyalıya nə məsləhət görərdiniz?
- Hər adama inanmasınlar.
0