“Neftçi” klubunun sabiq baş məşqçisi İtaliyadan təklif alıb
03.03.2009 - 11:53
“Neftçi” klubunun sabiq baş məşqçisi İtaliyadan təklif alıb
“Rusiya, Estoniya, İtaliya və Bolqarıstan klublarından təklif almışam. Amma bunların heç biri real deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Vətənində verdiyi müsahibədə çexiyalı çalışdırıcı bir vaxtlar işlədiyi Rusiyanın “Zenit” klubunda onu hələ də sevdiklərini xatırlayıb: “Sankt-Peterburqda mənim adımı daşıyacaq futbol məktəbinin layihəsi hazırlanıb. Lakin bunun gerçəkləşməsi üçün mən də ora getməliyəm. Təklifi qəbul etsəm, bütün ailəm də mənimlə orada olacaq”.

Petrjela istirahət üçün yollandığı Kuba səfərindən də danışıb: “Liberetsdə oturub fikirləşdik ki, şəhərimizdə xizəksürmə çempionatının keçirilməsi səs-küyə səbəb olacaq. Sakitliyə çəkilmək məqsədilə Kubaya üz tutduq. Qadınları bilirsiniz də... Zuzana bir gündə bütün sənədləri həll etdi və istirahətə getdik”.

Pertjelanın sabiq həyat yoldaşı, hələ də münasibətlərini saxladığı Zuzana isə istirahətin korlanmasından gileylənir: “Kim deyir ki, Vlastimil futboldan dincəlmək istəyirdi? O, Kubada da hər gün 3 oyunu izləyirdi. Əgər futbola baxacaqdısa, elə öz evimizdə də bunu etmək olardı da”.
0