“Qalatasaray” Meyranı “Zenit”ə 6,5 milyon avroya satdı
03.03.2009 - 14:03
“Qalatasaray” Meyranı “Zenit”ə 6,5 milyon avroya satdı
UEFA kubokunun 1/8 finalına yüksələn “Qalatasaray” klubunun portuqaliyalı müdafiəçisi Fernando Meyranın “Zenit”ə transferi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iki klub arasında danışıqlar müsbət yekunlaşıb. “Qalatasaray” ötən yay transfer etdiyi Meyranı “Zenit”ə 6,5 milyon avroya satmağa razılıq verib. Portuqaliyalı futbolçu iki günə yeni klubunun hazırlığına qatılacaq.

“Qalatasaray”ın “Ştutqart”dan transfer etdiyi Fernando 4 illik müqavilə imzalamışdı. Ancaq ümidləri doğrultmayan müdafiəçi “Əli Sami Yen” stadionunda keçirilən son oyunlarda – “Kocaelispor”la böyük hesablı uduzduqları (2:5) və Fransanın “Bordo” klubunu UEFA kubokunda yendikləri (4:3) matçda kobud səhvləri ilə yadda qalıb. Bundan sonra ruslarla anlaşan Fernando “Qalatasaray” rəhbərliyinə getmək istədiyini bildirib və həm prezident Adnan Polat, həm də yeni baş məşqçi Bülənt Korkmaz razılığını verib.

Qeyd edək ki, Meyra “Qalatasaray”ın heyətində cari mövsümdə UEFA kubokunda oynadığından, “Zenit”ə bu turnirdə kömək edə bilməyəcək. Onsuz da arxa xətdə problemləri olan “Cim Bom” daha bir mərkəz müdafiəçisi itirib. Belə ki, Sərvət Çətinlə Əmrə Güngör zədə ilə bağlı ciddi problemləri var.
0