Aleksandr Çertoqanovu “Neftçi” ilə oyuna çıxmağa qoymadılar
03.03.2009 - 15:05
Aleksandr Çertoqanovu “Neftçi” ilə oyuna çıxmağa qoymadılar
Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanov cəzalandırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Zaqatalanın “Simurq” klubunda çıxış edən 29 yaşlı ukraynalı yarımmüdafiəçi ilə bağlı Nizam-İntizam Komitəsinin bu gün keçirdiyi iclasında belə qərar qəbul olunub.

Premyer Liqanın son turunda MOİK ilə “Şəfa” stadionunda keçirilən görüşdə ikinci sarı vərəqə aldığı üçün meydandan çıxarılan Çertoqanov bir oyunluq diskvalifikasiya olunub, klubunu isə 200 manat xərcə salıb. “Simurq”un qarşıdakı turda evdə “Neftçi” ilə görüşəcəyini nəzərə alsaq, Aleksandr müqavilə ilə məxsus olduğu komanda ilə oyunda iştirak etməyəcək.

Son turda Yevlaxda keçirilən “Karvan” – “Olimpik” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün tərəflər hərəyə 1000 manat cərimələnib. “Muğan” – “Turan” oyununda isə meydan sahiblərinin 5 oyunçusu sarı vərəqə aldığı üçün bu qədər cərimə məbləği ödəyəcək.

Qeyd edək ki, birinci divizionla bağlı qərarları da nəzərə alsaq, komitənin bugünkü iclasında 3240 manat cərimə kəsilib.
0