Yunis Hüseynov: Mən Xaqani Məmmədovun yaşı qədər futbol oynamışam
03.03.2009 - 16:59
Yunis Hüseynov: Mən Xaqani Məmmədovun yaşı qədər futbol oynamışam
“XV turda “Bakılı”ya uduzduğumuz oyundan sonra komandada psixoloji gərginlik var. Bu da “Olimpik”lə görüşdə nəticəyə təsirini göstərdi. Əslində, həmin matçda komandamın oyunundan narazı qalmadım. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

İkinci dövrədə qələbə üzünə həsrət qalan Yevlax təmsilçisi “Olimpik”lə son 7 görüşdə nəinki uduzur, heç qol da vura bilmir. Futbolda belə şeylərin olduğunu deyən Hüseynovun əsas narazılığı hakimliklə bağlıdır: “Uduzduğumuz oyunda günahı hakimliyin üzərinə atmıram. Demirəm ki, hakimlər bizə qarşı qərəzli idi. Sadəcə, hakim səhvləri ilə bağlı gördüklərimi demişəm. Fikrimcə, “Olimpik”lə görüşdə rəqib qapısına iki penalti zərbəsi təyin edilməli, rəqib futbolçu Bəşir Müqədi isə kobud oyuna görə meydandan çıxarılmalı idi. Narazılığımızı oyunun protokolunda qeyd etmişik. Hakimlər Komitəsinin də işi buna baxıb, kimin haqlı olduğunu müəyyənləşdirməkdir. Haqlı deyiləmsə, bununla razılaşıb, qəbul edərəm. Məgər uduzduğumuz görüşdən sonra sözümüzü deməməliyik? Deməliyik ki, hakim oyunu super idarə etdi?”

Baş məşqçilərin xal itirdikləri oyunlardan sonra hakimlikdən şikayətlənməsi tez-tez müşahidə olunur. Ancaq Hüseynov məğlubiyyətdə bəhanə axtarmadığını söyləyib: “Mən hətta qələbə qazandığımız oyunda da hakimin səhvi olduğunu deyib, narazılığımı bildirməkdən çəkinməmişəm. İlk dövrədə “Qarabağ”la matçdan əvvəl Anar Niyazovun oyunumuza baş hakim təyin olunmamağı ilə bağlı müraciət etmişdim. Çünki bu hakimə inamım yoxdur, onu istəmirəm. Hakimlərə qarşı fiziki təzyiq etmirik ki? Sadəcə, gördüklərimizi deyirik. “Olimpik”lə matçda narazı qaldığımız epizodları tək mən yox, bütün Azərbaycan gördü. Bir epizodda top Mahir Şükürovun əlinə dəydi, digərində isə Müqədinin hərəkəti qırmızı vərəqəlik idi”.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazı olan Hüseynov fikrinə belə əsaslandırıb: “Deyirlər ki, məşqçi məğlub olduğuna görə hakimi günahlandırır. Əslində, mən uduzduqdan sonra günahı ilk növbədə özümüzdə görürəm. Xaqani Məmmədov da deyir ki, məşqçilər oyun qaydalarını öyrənsinlər. Məgər mən futbol oynamamışam? Onun yaşı qədər futbol oynamışam. Məmmədov futbolu belə bilən olub ki, bizə ağıl öyrədir? Sadəcə, hakimləri pisləmək ona sərf etmir”.

Qeyd edək ki, “Karvan” – “Olimpik” oyununun baş hakimi sabiq FİFA referisi İmanxan Sultani idarəçiliyinə görə 7,9 bal alıb.
0