Elxan Abdullayev: Berti Foqts elə-belə danışmır
04.03.2009 - 14:10
Elxan Abdullayev: Berti Foqts elə-belə danışmır
“Milli komandanın Almaniyadakı hazırlığına yollanmaqdansa, burada qalmağım daha məqsədəuyğun sayıldı. Hər halda, bunun da səbəbi var”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev deyib.

Bakının “İnter” klubunda da eyni postu tutan 39 yaşlı mütəxəssis yığmamızın çalışdırıcısı Berti Foqtsun tapşırığını yerinə yetirir. “İnter”in millidəki üzvlərindən Elvin Məmmədovla Cavid Hüseynovun hazırlığından narazı qalan alman mütəxəssis onlara son xəbərdarlıq edərək, qarşılarına iki şərt qoyub. Bu da 21 yaşlı futbolçuların öz üzərində çalışıb, əsasən fiziki hazırlıqlarını qaydasına salmaq və əsas heyətdə oynamaları ilə bağlıdır.

Abdullayev bildirib ki, Məmmədov və Hüseynov xüsusi proqram üzərində çalışır: “Hər məşqdən sonra qalıb, təxminən bir saat əlavə işləyirik. Elvinlə Cavidin hazırlıqlarındakı problemləri aradan qaldırmağa çalışıram. Hər ikisində zəiflik var və bunun da nəticəsidir ki, əsas heyətdə yer almırlar. Elvin sonradan meydana çıxırsa, Cavid ümumiyyətlə, “18-liy”ə düşmür. Komandamızın baş məşqçisi belə edirsə, deməli, nəsə var. Bu da onu göstərir ki, Foqts Almaniyaya aparmadığı bu iki futbolçu ilə bağlı elə-belə danışmır. Bilirsiniz, əsas komandamızda 30 futbolçu, yəni böyük rəqabət var. Elvinlə Cavid də bu rəqabətə dözmədikləri üçün kənarda qalırlar. Onlar əsas heyətdə yerlərini qaytarmaq şansları var. Sadəcə, bunun üçün əziyyət çəkməlidir”.

Hazırda “İnter”in millimizdəki yeganə təmsilçisi olan Samir Abbasov Frankfurtda keçirilən təlim-məşq toplanışında iştirak edir və sabah axşam vətənə dönəcək. Abdullayevin sözlərinə görə, bir vaxtlar Foqtsun yığmaya çağırdığı milliləşən ukraynalı müdafiəçi Vladimir Levinin tam sağalmaq üzrədir: “Levin cərrahiyyə əməliyyatdan sonra uzun müddətdir bərpa prosesi keçir. Artıq komanda ilə məşq edən müdafiəçimizin iki həftədən sonra oynayacağı gözlənilir. Yerli futbolçulardan Xəyal Mustafayevlə Xaqani Məmmədov əsas komandamızda yer alır. Foqts da oyunlara gəlib baxır və milliyə lazım bildiklərini çağırır”.
0