Təqib başlandı: Rusiyalı casuslar Azərbaycanı izləyirlər
04.03.2009 - 15:28
Təqib başlandı: Rusiyalı casuslar Azərbaycanı izləyirlər
Martın 28-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası təqib olunur. Apasport.az saytının məlumatına görə, rusiyalılar yığmamız barədə informasiyaları gözdən qaçırmamaq üçün futbolçularımızı təqib etmək qərarına gəliblər.

Bu məqsədlə onlar Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçən milli komandamızın hazırlıq proqramını dərindən araşdırıblar. Amma baş məşqçi Berti Foqtsun ehtiyatlı davranması rusların planını pozub. Almaniyalı mütəxəssis yığmamızın təlim-məşq toplanışı çərçivəsində hansı komanda ilə, nə zaman və harada yoldaşlıq görüşü keçirəcəyini gizli saxlayıb.

Nəticədə ruslar əməlli-başlı çətinlik çəkiblər. Düzdür, onlar uzun axtarışlardan sonra yoxlama matçının təşkil olunduğu stadionu tapıblar. Lakin şimal qonşularımız gecikdiklərindən və ya digər səbəbdən yığmamızın dünən “Ayntraxt”la keçirdiyi oyunu izləyə bilməyiblər.

Beləliklə, Foqts Rusiya ilə oyun öncəsi tətbiq etdiyi taktikanı, futbolçulara verdiyi tapşırıqları casuslardan gizli saxlamağa nail olub.
0