Ceyhun Məmmədov: Toyumdan 3 ay sonra Ağdam işğal olundu MÜSAHİBƏ
07.03.2009 - 12:03
Ceyhun Məmmədov: Toyumdan 3 ay sonra Ağdam işğal olundu MÜSAHİBƏ
Sambo üzrə 7 qat dünya çempionu, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun lent.az-a müsahibəsi

- Əvvəlcə Sizi “Şöhrət” ordeninə layiq görülməyiniz münasibətilə təbrik edirik...
- Çox sağ olun. Mən ilk növbədə, ölkə prezidenti İlham Əliyevə minnətdarlıq edirəm. Bu mükafatı təkcə özümə yox, bütün samboçuların adına qazanılan qələbə kimi dəyərləndirirəm. 1995-ci ildə ümummilli liderimiz, o zamankı prezidentimiz Heydər Əliyev məni “Tərəqqi” medalı ilə təltif etmişdi. Çox sevinirəm ki, onun davamçısı tərəfindən “Şöhrət” ordeninə layiq görüldüm. Gənclər və idman naziri Azad Rəhimova da təşəkkür edirəm. Məhz Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə bu gün Azərbaycanda sambonun yaradılmasının 50-ci ildönümünün yüksək səviyyədə qeyd olunur. Bu da mənim üçün fərəhli haldır.

- 7 dəfə dünya çempionu olmusunuz. Nə vaxtdan dünya şöhrətli idmançı olduğunuzu hiss etməyə başladınız?
- Mən bir idmançı kimi hələ keçmiş SSRİ dövründə şan-şöhrət qazanmışam. İlk dəfə 1985-ci ildə yeniyetmələr arasında SSRİ birinciliyinin qalibi olanda mənə Ali Sovetin fəxri fərmanı təqdim olunmuşdu. SSRİ dövründə 1 dəfə gənclər, 2 dəfə böyüklər arasında dünya çempionu, eləcə də 1 dəfə Avropa çempionu olmuşam. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra 5 dəfə dünya, 5 dəfə Avropa çempionluğunu qazanmışam. Bundan başqa SSRİ xalqlarının Spartakiadasının 2 qat qalibi, gənclər arasında 2 dəfə, kişilər arasında 4 dəfə SSRİ çempionu olmuşam. Yəni, kifayət qədər uğurlarım olub. Uğurlarımın ölkə prezidenti səviyyəsində yüksək qiymətləndirilməsi təbii ki, təkcə məni yox, bütün samboçuları sevindirir. İlham Əliyev hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmançılara göstərilən diqqət və qayğı xeyli artıb. Eyni zamanda, Avropa, dünya və olimpiya çempionlarımız çoxalıb.

- İndiyədək qazandığınız uğurlar arasında “Şöhrət” ordeninin yeri nə dərəcədədir?
- Ölkə prezidenti tərəfindən mənə verilən mükafatların hamısını yüksək qiymətləndirir, özüm üçün dəyərli sayıram. “Şöhrət” ordeninə layiq görüldükdən sonra xeyli təbrik mesajları almışam. Onlar arasında dostlarımız da var, yüksək vəzifəli şəxslər də. Keçmiş gənclər və idman, hazırda isə mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif polis idarələrinin rəisləri zəng edərək təbriklərini çatdırıblar. Sevincimə şərik çıxdıqları üçün onların hamısına minnətdaram. Ən başlıcası, hazırkı gənclər və idman nazirimiz Azad Rəhimova təşəkkür edirəm. Çünki “Şöhrət” ordeninə layiq görülməyim barədə vəsatəti prezidentimiz qarşısında məhz o, qaldırıb.

- 50 yaşlı Azərbaycan sambosunun neçə ili sizin güləşdiyiniz dövrə təsadüf edib?
- Mən böyük idmana 1982-ci ildə gəlmişəm. Həmin vaxt 13 yaşım vardı. Əvvəlcə sərbəst güləşlə məşğul olurdum. İki il sonra samboya keçdim və tezliklə nəinki SSRİ, hətta dünya miqyasında uğurlarım başladı. Həmin vaxt yığma komandamızın baş məşqçisi Sabir Hüseynov idi. Sambonun inkişafında Sabir müəllimin çox böyük xidmətləri olub. Müstəqillik illərində isə baş məşqçimiz Əbülfəz Əliyev idi. O, həm də mənim şəxsi məşqçim olub. 1984-cü ildən götürsək, mən 25 ildir ki, sambodayam. Yəni sambomuzun 50 ilinin yarısında mənim adımın da olmasından böyük qürur hissi keçirirəm. Çox sevinirəm ki, samboya görə tanınmışam və indi də tanınıram. Loru dildə desəm, bu gün sambonun çörəyini yeyirəm. Azərbaycan Sambo Federasiyasının prezidenti, həm Avropa Sambo Federasiyası, həm də Beynəlxalq Həvəskar Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvüyəm. İstərdim ki, federasiyamız gündən-günə yüksəlişə nail olsun.

- Doğulduğunuz Ağdamdan xeyli samboçu yetişib. Bu, nə ilə əlaqədar idi?
- Ağdamda güclü sambo məktəbi vardı. Mən əvvəlcə sərbəst güləşlə məşğul olurdum. Lakin rayonda güləşdən çox sambo inkişaf etmişdi və hamı bu növə meyl edirdi. Ona görə mən də tezliklə samboya keçdim. İndi Azərbaycanın əksər idman zallarında yaxşı məşq şəraiti var. Amma o vaxt Ağdamda məşqdən sonra adicə duş qəbul etmək imkanı yox idi. Əllə su daşıyır, qızdırıb yuyunurduq. Yəni bu cür əziyyətlərlə müəyyən səviyyəyə yüksəlmişik. Amma indi hər şey yüksək səviyyədədir. Bəlkə də o vaxtlar bizdə dözümlülük vardı. Bu gün isə idmançıya hər cür şərait yaradılıb, gözəl zallar var. Lakin idmançı bir dəfə dünya çempionu olan kimi yatır, arxayınlaşır. Misal var: “Ağac bar verdikcə başını aşağı əyər”. Bunlarda isə əksinədir. Elə idmançı var ki, gedib adicə yeniyetmələr arasında bir turnirin qalibi olur, davamını gətirmir. Halbuki, o, məşqlərini kəsməməlidir, davam etdirməlidir.

- Ağdamın işğalı xəbərini necə qarşıladınız?
- 1993-cü ilin aprelində ailə qurdum. Toyum Bakıda oldu. Toyumdan 3 ay sonra - iyulun 23-də isə Ağdam işğal edildi. Nəinki Ağdam, Dağlıq Qarabağ və onun ürəyi Şuşanın işğalı göz qabağında baş verib. Hamı kimi, mənim də qardaşım, əmim, əmim uşaqları, bütün qohum-əqrəbam Qarabağda vuruşurdu. Yalnız idmançı kimi mən qalmışdım. Mən də arxa cəbhədə vuruşurdum. İdmanda ölkəmin adını qaldırmaq üçün. Güləşdiyim dövrlərdə mənə digər ölkələrdən təkliflər gəlsə də, heç vaxt Azərbaycanı atıb, başqa yerə getməmişəm. Öz ölkəmi hər şeydən üstün tutmuşam. İnşallah, torpaqlarımız qayıdar, o günü görər, sevinərik. Mən buna inanıram.

- Ermənistan təmsilçiləri ilə döşək üzərində nə qədər üz-üzə gəlmisiniz?
- Çox olub. Hamımız vətənimizi sevirik. Ermənistan idmançısına düşmən kimi yanaşırıq və ölənədək də belə münasibət göstərəcəyik. Onlara qarşı həm peşəkar idmançı, həm də siyasi rəqib kimi ikiqat qüvvə ilə münasibət göstərməliyik. Bir vətənpərvər kimi erməniyə qalib gəlməliyik. Lakin onu da nəzərə almaq lazımdır ki, idmançı udar da, uduzar da... Erməni ilə qarşılaşanda özümüzü itirməməli, əksinə özümüzü görüşə psixoloji cəhətdən hazırlamalıyıq.

- Hazırda nə işlə məşğulsunuz?
- Mən 1991-ci ildən polis orqanlarında çalışıram. Bu gün Bakı şəhəri Nərimanov rayonunun polis idarəsində cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantıyam. Çalışıram ki, idmanda göstərdiyim nailiyyətləri polis sistemində də əldə edim. Polisdə işləyən idmançılarımız çoxdur. Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdaram ki, vaxtlı-vaxtında yarışlarda iştirakımıza şərait yaradır.

- Amma bəzən belə hallar olub ki, işlərinizin çoxluğu ilə əlaqədar beynəlxalq sambo qurumlarının tədbirlərinə qatıla bilməmisiniz...
- Əgər konqresləri nəzərdə tutursunuzsa, getsəm də olar, getməsəm də... Çünki konqres nüfuzlu yarışların keçirildiyi vaxta salınır. Bu zaman Azərbaycan Sambo Federasiyası rəhbərliyindən kimsə tədbirdə mənim əvəzimə iştirak edir və məni əvəzləyir. Beynəlxalq sambo qurumlarının nizamnaməsi buna imkan verir. Əsas məsələ odur ki, dünya və Avropa çempionatlarında müntəzəm təmsil olunuruq.

- Kikboksinqin müxtəlif versiyalarında 8 dəfə dünya çempionu olmuş Eduard Məmmədovdan sonra bu göstəricidə ən çox qızıl medal qazanmış ikinci idmançımızsınız. Həmyerlilərimizdən kiminsə olimpiya növlərində də eyni uğuru təkrarlayacaqlarına inanırsınız?
- Mərhum prezidentimiz Heydər Əliyev bir gün mənə dedi ki, sənə 7 yox, 17 dəfə dünya çempionu olmağı arzulayıram. Amma artıq idmançı karyeramı başa vurmuşam. Ona görə də yeni nəslə qazandıqları uğurlardan doymamağı arzulayıram. Nə qədər çox medal qazansalar, ölkəmizin ad-sanı yüksələr, bayrağımız dalğalanar, himnimiz səslənər. Məsələn, cüdoçumuz Elnur Məmmədli ötən il karyerasında ilk dəfə olimpiya çempionu oldu. Onun cəmi 20 yaşı var. Bundan sonra ən azı 3 dəfə eyni uğuru təkrarlamaq imkanı olacaq. İstərdim ki, mötəbər yarışlarda daim azərbaycanlı idmançılar fərqlənsinlər. Buna sevinməyən yeganə ölkə düşmənimiz Ermənistan ola bilər.

- Hazırda belə fikirlər var ki, sambo keçmiş SSRİ-nin qüdrəti nəticəsində yaradılıb, hazırda isə Rusiyanın nüfuzu sayəsində mövcudluğunu qoruyur. Əks halda, cüdoya yaxın olduğu üçün çoxdan tənəzzülə uğramışdı...
- Düzdür, sambo SSRİ tərəfindən yaradılıb. Lakin unutmayaq ki, hər bir idman növünün öz vətəni var. Məsələn, futbol İngiltərədə yaradılıb. Bu gün sambo üzrə dünya çempionatlarında 65-70 ölkə iştirak edir. Bunun özü böyük göstəricidir. Sambo 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının proqramına salınmağa yaxın idi. O vaxtlar SSRİ-yə Leonid Brejnev rəhbərlik edirdi. Hindistanın o zamankı prezidenti İndira Qandinin bir zəngi ilə Moskva olimpiadasının proqramına sambonu yox, otüstü hokkeyi saldılar. Bildiyiniz kimi, otüstü hokkey Hindistanda yaranıb. Beləliklə, Brejnev SSRİ-də yaradılan sambo növünü Hindistan prezidentinin bir zəngi ilə otüstü hokkeyə qurban vermişdi. O vaxtdan biz də sambonun olimpiadaların proqramına salınacağı günü gözləyirik. Qeyd etməliyəm ki, Azərbaycanda istər Gənclər və İdman Nazirliyi, istərsə də Milli Olimpiya Komitəsi səviyyəsində olimpiya və qeyri-olimpiya növlərinə münasibətdə ayrı-seçkilik olmayıb, belə hal müşahidə etməmişik.

- Amma samboçularımızdan bir qismi cüdoya meyl edir. Hətta 2002-ci ilədək sambo ilə məşğul olmuş Mövlud Mirəliyev ötən il Pekin olimpiadasında cüdo növündə bürünc medal qazanıb...
- Keçmiş samboçumuzun olimpiadadan medal gətirməsinə çox sevinirəm. Hansı növdə çıxış etməsindən asılı olmayaraq, ölkəmizi beynəlxalq arenada tanıtdırırsa, bu, bizim üçün böyük şərəfdir. Hər kəsin hansı idman növünü seçməsi onun şəxsi işidir. Kütləvilikdən söhbət gedirsə, hazırda sambo üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında 250 iştirakçı var. Bu, böyük göstəricidir.

- Mümkünsə, ailəniz barədə də məlumat verərdiniz...
- İki oğlum var. Böyüyü Məhəmməd 15 yaşın içindədir. Orta məktəbin 9-cu sinfində təhsil alır. Kicik oğlum Ömər isə 10 yaşdadır. 5-ci sinifdə oxuyur.

- Övladlarınızdan yolunuzu davam etdirən var?
- Seçimi öz öhdələrinə buraxmışam. Məhəmmədin üzgüçülüyə, futbola meyli var, dərslərinə ciddi yanaşır. Ömər isə hələ seçimini etməyib. Bilirsiniz, insanın öz daxilində istək olmalıdır. Rəhmətlik valideynlərimdən heç biri mənim sambo ilə məşğul olmağıma razı deyildi. Deyirdilər ki, uşaqdır, gedər qol-qıçı sınar. Mən gizlicə məşqlərə gedirdim. Yəni, özümün həvəsim olub. İnsanı məcbur etmək düzgün deyil.

- Çöx zaman valideynlərin “mən çəkdiyim əziyyətləri övladlarımın çəkməsini arzulamazdım” sözlərinə rast gəlirik. Bəlkə Siz də bu fikirdəsiniz?
- Hər kəs belə düşünür. Bu da təbiidir. Xüsusən, idmanla məşğuliyyət böyük əziyyət tələb edir. Əziyyətsiz heç nə yoxdur. Gərək əziyyət çəkəsən ki, zirvəyə qalxa biləsən. İstərdim ki, övladlarım başqa sahədə - elmdə, incəsənətdə öz ölkələrinə xidmət göstərsinlər.
0