Cəmşid Məhərrəmov Berti Foqtsa nə söz verdi?
10.03.2009 - 15:51
Cəmşid Məhərrəmov Berti Foqtsa nə söz verdi?
“Berti Foqtsun etimadını qazanmaq üçün var gücümlə çalışacağıma söz verirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov klubun rəsmi saytına açıqlamasında deyib.

Doqquz aylıq fasilədən sonra milli komandamıza çağırılan 26 yaşlı müdafiəçi hazırkı baş məşqçi Berti Foqts tərəfindən Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə dəvət olunsa da, meydana çıxmaq şansı qazanmayıb. Sonuncu dəfə 2007-ci noyabrın 21-də Bakıda Belçika ilə rəsmi oyunda (0:1) millinin formasında oynayan Cəmşid bu dəfə özünü ən yaxşı tərəfdən göstərmək iddiasındadır: “Milli komanda heyətində oynamaq şansı əldə etsəm, ölkəmizi ən layiqli şəkildə təmsil etməyə hazıram".

Yetirməsinin uzun fasilədən sonra əsas yığmaya cəlb olunmasını sevinclə qarşılayan “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski onu Avropa səviyyəli futbolçu hesab edir: "Cəmşid Məhərrəmov istənilən Avropa klubunda oynamaq iqtidarındadır. Bunu milli komandanın baş məşqçisi Berti Foqtsun da diqqətinə çatdırdım. Foqtsun bu qərarı məni sevindirdi".

Qeyd edək ki, Məhərrəmov Hacıyevskinin dövründə milli komandamızda debüt edib. Saşa Yunisoğlu ilə braziliyalı Fabio Luis Ramimi də nəzərə alsaq, “Bakı”dan yığmamıza çağırılan futbolçuların sayı 3-ə çatdı.
0