Adnan Polat: “Bavariya” Ardanı almaq istəyir
10.03.2009 - 16:11
Adnan Polat: “Bavariya” Ardanı almaq istəyir
“Qalatasaray” klubunun prezidenti Adnan Polat istedadlı futbolçu Arda Turanın qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Polat 22 yaşlı yarımmüdafiəçinin transfer məbləğinin 25 milyon avro olduğunu bəyan edib.

Bir müddət öncə 15 milyon avro qarşılığında adı daha çox Londonun “Arsenal” klubu ətrafında hallanan Arda son vaxtlar parlaq oyunu ilə seçilir. Polat xüsusilə UEFA kubokunda Fransanın “Bordo” klubu ilə “Əli Sami Yen”də keçirilən cavab görüşündə əla təsir bağışlayan, “dubl” edən Turanın qiymətini qaldırmağı lazım bilib: “Ardaya görə 15 milyon avro verən var. Amma bunu yetərli məbləğ saymayaraq, sözümün üstündə durmuşam. İsrar etsələr də, Ardanın qiyməti 25 milyon avrodur. Onu Almaniyanın “Bavariya” klubu transfer etmək istəyir. Hələ rəsmi təklif gəlməsə də, bunun ediləcəyi hiss edirəm”.

Qeyd edək ki, “Bavariya” ən bahalı transferlərindən olan Fransa milli komandasının yarımmüdafiəçisi Frenk Riberi üçün 30 milyon avro xərcləyib.
0